AZ

Nadir Zeynalov: Bariatrik-metabolik əməliyyatlar artıqçəkili pasiyentlər arasında vaxtından əvvəl ölümlərin qarşısını 30-50 faiz hallarda alır

Bakı, 25 aprel, AZƏRTAC

Bariatrik, o cümlədən metabolik cərrahiyyə cərrahiyyənin nisbətən yeni bir istiqamətidir. Tarixə baxsaq, keçən əsrin 60-cı illərindən bariatrik əməliyyatlar tətbiq olunmağa başladı. Lakin 90-cı illərdən başlayaraq bariatrik əməliyyatlar daha geniş vüsət aldı ki, bu da cərrahiyyəyə laparoskopik texnologiyanın gəlişi ilə bağlı olub. Hazırda yaşadığımız 21-ci əsrdə laparoskopik icra edilən bariatrik və metabolik cərrahiyyə artıq cərrahiyyə elminin və gündəlik praktikanın rutin istiqamətidir. Bu istiqamətdə bizim əsas hədəf pasiyentimiz artıq bədən çəkisi olan insanlardır.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Azərbaycan Metobalik və Bariatrik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə 7-ci Beynəlxalq Bariatrik - Metabolik cərrahiyyə və Metabolik xəstəliklər konqresində çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, artıq bədən çəkisi insanın təkcə estetik görünüşünü pozmur, bundan başqa müxtəlif sağlamlıqla bağlı olan problemləri, xüsusilə də metabolik sindromu ortaya çıxarır: “Bariatrik və metabolik əməliyyatlar pasiyentlərin müalicəsində və onların həyatında tamamilə yeni bir səhifə açır ki, bundan sonra onlar daha uzun, daha sağlam və daha gözəl bədənlə yaşaya bilirlər. Çox vacib məqam ondan ibarətdir ki, həmin pasiyentlər bariatrik-metabolik əməliyyatlardan sonra vaxtından əvvəl ölüm faizi ilə daha az rastlaşırlar, yəni vaxtından əvvəl - preterm ölümlərin qarşısı 30-50 faiz hallarda alınır. Bu da ictimai səhiyyə üçün çox vacib məqamdır”.

N.Zeynalovun sözlərinə görə, bariatrik və metabolik cərrahiyyənin inkişafı özü ilə bəzi məsələləri ortaya çıxardı: “Onlardan birincisi bəzi cərrahi prosedurlardan fərqli olaraq bariatrik cərrahiyyənin bir cərrahın işi olmamasıdır. Burada hökmən multidisiplinar yanaşma və bir komanda işi tələb olunur. Yəni, prosesə cərrahdan başqa müxtəlif digər mütəxəssislər də cəlb olunmalıdır. Dietoloqlar, endokrinoloqlar, psixoloqlar, bəzən psixiatrlar və digərləri də bir pasiyentin müalicəsinə qoşulurlar ki, istənilən və dayanıqlı nəticə əldə olunsun. Başqa bir məsələ ondan ibarətdir ki, bu bariatrik əməliyyatlardan estetik nəticə əldə olunduğuna görə, bəzi hallarda ya həmin əməliyyatların həyata keçirilməsinə göstərişlər düzgün qoyulmur, ya da tibbi göstəriş olmadan aparılır. Ona görə də nəticə bir çox hallarda ürəkaçan olmur. Bariatrik və metabolik əməliyyatlara göstərişlərin, pasiyentin, əməliyyat növünün düzgün seçilməsi ilə istənilən nəticələri əldə edə bilərik".

Bariatrik və metabolik cərrahiyyənin çox dinamik, inkişaf edən bir sahə olduğunu diqqətə çatdıran nazir müavini hər il yeniliklərin olduğunu, on il bundan əvvəlki yanaşmaların indi dəyişdiyini qeyd edib: "Cəmi 3-4 il əvvəl, 2022-ci ildə yeni kriteriyalar, yeni meyarlar, yeni əməliyyat seçimi üçün qaydalar ortaya çıxmışdı. Hər il bu sahəyə yeniliklər gəlir ki, cərrahi və qeyri-cərrahi profilli mütəxəssislər bununla ayaqlaşmalıdırlar. Onlar daim üzərlərində işləməli, peşəkar şəkildə inkişaf etməlidirlər. Peşəkarlığın artırılması üçün çox yaxşı vasitələrdən biri məhz bugünkü konqresdir. Bizim bu gün toplaşdığımız konqres kimi tədbirlərdir. Konqresə müxtəlif ölkələrdən çoxsaylı iştirakçılar qatılıb. Ondan artıq ölkədən 70-dən çox iştirakçı gəlib, onların təqribən yarısı qədər də məruzəçi var. Bu da konqresin həqiqətən beynəlxalq statusunu təsdiqləyir. Hesab edirəm ki, konqres həm yerli, həm xaricdən gəlmiş mütəxəssislərin öz elmi biliklərini, ən yaxşı təcrübələrini paylaşmaları, ölkələr arasında əlaqələrin qurulması baxımından çox faydalı platformadır".

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Azər İbrahimov
Seçilən
45
1
azertag.az

2Mənbələr