Bakı, 24 aprel, AZƏRTAC
Təhlükəsiz qidaya nail olmaq üçün istehsalda bioloji təhlükəsizliyin təmin olunmasında texnoloji və memarlıq həlləri öz əksini tapmalıdır ki, son nəticədə təhlükəsiz istehsal, izləmə və istehlak şəraitinə nail ola bilək. Son dövrlərdə respublikamızda qida təhlükəsizliyi sisteminin yeniləşməsi istiqamətində aparılan bir sıra tədbirlərdə hüquqi baza yaradılması ilə yanaşı, həm də müxtəlif təyinatlı laboratoriyalar, istehsal, emal müəssisələri yaradılıb. Qida təhlükəsizliyi sistemi ilə əlaqədar obyektlərin yaradılmasında memarlıqla yanaşı, bioloji və qida təhlükəsizliyi amilləri nəzərə alınmalıdır. Bunun tərkib hissəsi olaraq son dövrlərdə ölkəmizdə heyvan kəsimi və heyvan bazarlarının yaradılması istiqamətində görülmüş işləri nümunə çəkə bilərik. Hazırda ölkəmizdə 83 heyvan kəsim məntəqəsi və 72 quş kəsim məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrin hamısı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təqdim etdiyi texnoloji layihələr əsasında yaradılıb və getdikcə bu təcrübə davam edir.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.
O deyib ki, hazırda ölkəmizdə heyvan bazarlarının yaradılması istiqamətində təkmilləşdirilmə işləri həyata keçirilir: “Hazırda 12 heyvan bazarı fəaliyyət göstərir və bir sıra bazarlarda yenidənqurma işləri davam edir. Normativ-texniki tələblərə cavab verdikdən sonra digərlərinin də fəaliyyətinə icazə veriləcək. Qeyd etməliyəm ki, ölkəmizin tarixində indiki formada yaradılmış heyvan bazarları tamamilə yenilikdir. Bu obyektlərin yaradılmasında beynəlxalq təcrübə əsas götürülüb. Bildirim ki, dünya təcrübəsində heyvanların satışı ya auksion formasında, yaxud da heyvanın yetişdirildiyi obyektlərdən, fermalardan birbaşa kəsim məntəqəsinə aparılmaqla həyata keçirilir. Azərbaycanda həm heyvan auksionlarının, həm də daha modern kəsim müəssisələrinin yaradılması istiqamətində işlərin həyata keçirilməsi hədəfimizdir. Ölkəmizdə hazırda sanitar kəsim müəssisələrinin yaradılmasına ehtiyac var ki, burada həm sanitar tələblərə cavab verən formada heyvanın kəsilməsi və məhsulların bilavasitə müəssisə çərçivəsində emalı həyata keçirilsin”.