AZ

Siyasi şərhçi: Vandalizmi törədənlər cəzalandırılmasa, gələcəkdə sülhə təhlükə yarada bilər

Bakı, 24 aprel, AZƏRTAC

Ermənistan işğal dövründə Qarabağ və ətraf bölgələrdə Azərbaycana məxsus irsin məhv edilməsi istiqamətində genişmiqyaslı cinayət əməlləri həyata keçirib. Eyni siyasət hazırda Ermənistanın yerləşdiyi ərazilərdə də davam etdirilir. İrəvan da daxil olmaqla tarixi torpaqlarımızda azərbaycanlılara məxsus bütün izlər silinib, tarixi abidələrimiz məhv edilib, qəbiristanlıqlar, məscidlər darmadağın edilib. Yalnız Göy məscid qalıb ki, onun da “farslaşdıraraq” Azərbaycana məxsusluğu gizlədilir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Ermənistanın vandalizm aktı olan bu siyasətinin əsas məqsədi Azərbaycan irsinin izlərini silmək, ermənilərin sonradan köçürüldükləri əraziləri mənimsəmək üçün saxta tarix yaratmaqdan ibarətdir. Bu, beynəlxalq təcrübədə “mədəni təmizləmə” aktı olaraq qiymətləndirilir. “Mədəni təmizləmə” müəyyən bir bölgədə mövcud olan mədəniyyətin izlərini silmək məqsədilə atılan addımdır və Ermənistanın törətdikləri də məhz bundan ibarətdir.

A.Nərimanlı qeyd edib ki, bu siyasət ötən əsrin əvvəlindən başlayaraq sistemli şəkildə həyata keçirilib: “Torpaqlarımız işğal edildikdən sonra Azərbaycan Ermənistanın “mədəni təmizləmə” siyasəti haqqında beynəlxalq ictimaiyyəti dəfələrlə məlumatlandırsa da, ikili standart yanaşması ilə üzləşib. Torpaqlarımız azad edildikdən sonra isə Ermənistanın törətdiklərinə dair kifayət qədər əyani sübutlar mövcuddur. Bu sübutlar beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymağa yetərlidir. Vizual sübutların beynəlxalq müstəvidə təqdim olunması Azərbaycanın haqlı olduğunu göstərməklə yanaşı, Ermənistanın məsuliyyətə cəlb edilməsi imkanlarını da genişləndirir. Çünki mədəni irsin qəsdən məhv edilməsi beynəlxalq hüquqda müharibə cinayəti kimi təsbit olunur və Azərbaycan bu hüquqdan istifadə edə bilər”.

Siyasi şərhçi sonda vurğulayıb ki, Ermənistanın törətdiyi “mədəni təmizləmə” aktına hüquqi qiymətin verilməsi bölgədə davamlı sülh üçün də vacibdir. Çünki bu vandalizm cəzalandırılmasa, gələcəkdə yenidən təkrarlanması və əldə olunan sülhə risk yaratması təhlükəsi mövcuddur.

Müxbir – Səbinə Əlizadə

Seçilən
54
2
azertag.az

3Mənbələr