AZ

Məktəblərdə təhlükə siqnalı: Gənclər arasında aqressiya niyə artır?

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə bir məktəblə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici paylaşımlar yayılıb. Məsələ dərhal nəzarətə götürülərək araşdırılıb və iddiaların əsassız olduğu müəyyən edilib, paylaşımı edən şəxsin yeniyetmə olduğu üzə çıxıb. O, polis əməkdaşları tərəfindən saxlanılıb.Bu kimi hadisələr gənclər arasında artan aqressiya və sosial mühitin təsiri ilə bağlı ciddi narahatlıq yaradır.

Təhsil eksperti Elçin Əfəndi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrlər bu cür hallar təkcə Azərbaycanda deyil, Türkiyə və bir çox ölkələrdə də müşahidə olunur və tendensiya narahatedici istiqamətdə inkişaf edir: “Səbəblər arasında müasir texnologiyalar, sosial platformalar, aqressiv oyunlar, virtualdan real həyata keçid yaradan tapşırıqlı oyunlar, eləcə də kriminal və bayağı musiqilər yer alır. Bunlar şagirdlərin şüurunda ciddi təsir formalaşdırır”.

Ekspertin sözlərinə görə, bəzi kriminal filmlər də bu prosesə təsir edir. Yeniyetmələr izlədikləri obrazlara bənzəməyə çalışır, oyunlardakı davranışları real həyatda təkrarlayırlar. Bu isə ciddi problemlərə yol açır: “Təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Məktəblərdə müşahidə kameraları, girişdə yoxlama cihazları olmalıdır. Riskli əşyalar aşkarlanarsa, şagird dərsə buraxılmamalı, valideyn məktəbə çağırılmalıdır”.

Elçin Əfəndi bildirib ki, problem yalnız məktəblə məhdudlaşmır. Şagirdin əsas tərbiyəsi ailədə formalaşır, valideyn nəzarəti burada həlledici rol oynayır:

“Övladların davranışları izlənməli, psixoloji dəyişikliklər vaxtında aşkar edilməlidir. Telefon istifadəsi, oyunlar, sosial şəbəkələr və izlənilən kontent nəzarətdə saxlanmalıdır”.

Ekspert hesab edir ki, gənclər arasında artan aqressiya cəmiyyətdə ciddi narahatlıq yaradır və bu sahədə daha sərt qaydalarla yanaşı, effektiv nəzarət mexanizmləri də vacibdir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
bizimyol.info

1Mənbələr