Qadın güləşi üzrə Avropa üçüncüsü olmuş Günay Qurbanova (59 kq) Albaniyadakı yarışla bağlı təəssüratlarını bölüşüb.
Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Çox sevinirəm. Bu, mənim böyüklər arasında Avropa çempionatında ilk iştirakım idi. Özümdən qızıl medal gözləyirdim. Heyif ki, alınmadı. İnşallah, gələn il daha yaxşı olacaq. 15 saniyə qalmış qələbəni əldən verdim. Yəqin ki, təcrübəm çatmadı.
Olimpiya Oyunlarında iştirak etmək üçün 57, yoxsa 62 kq-a keçmək məsələsinə mən yox, Toğrul Əsgərov qərar verəcək. Hansı çəkini məsləhət bilsə, həmin çəkidə də güləşəcəyəm”.
Xatırladaq ki, Günay Qurbanova (59 kq) debüt etdiyi qitə birinciliyinə 1/4 finaldan qoşulub və almaniyalı Elena Brügger üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz yarımfinalda ukraynalı dünya ikincisi Mariya Vinniklə qarşılaşıb. Görüşün sonuncu dəqiqəsinədək hesabda 2:0 öndə olan güləşçimiz son saniyələrdə rəqibin fəndlərinin qarşısını ala bilməyib – 2:6. Günay bürünc medal uğrunda belaruslu Marta Hetmanava ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada 7:5 hesablı qələbəyə sevinən 18 yaşlı güləşçimiz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib və böyüklər arasında Avropa çempionatında debütünü medalla qeyd edib.
