AZ

Səs küylü dünyanın səssiz danışanları: Kim özünü hansı janrda tapır?

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 23 aprel, AZƏRTAC

Bu səs-küylü və qarmaqarışıq dünyada kitablar bizimlə səssiz danışan, düşüncələrimizə rəng qatan ən yaxın sirdaşlardandır. Səhifələr arasında gizlənən fikirlər bəzən insanın özünü daha yaxşı tanımasına kömək edir, həyata fərqli baxış bucağı formalaşdırır. Müasir dövrdə texnologiyanın sürətli inkişafına baxmayaraq, kitablar hələ də öz dəyərini qoruyub saxlayır. Müxtəlif janrlar vasitəsilə fərqli dünyaların qapısını açır, bəzən isə reallıqdan uzaqlaşaraq xəyal gücümüzün sərhədlərində dolaşırıq.

AZƏRTAC-ın müxbirləri vətəndaşlar arasında kitab seçimləri ilə bağlı sorğu apararaq onların hansı janrlara üstünlük verdiyini və hansı əsərləri oxuduqlarını öyrənməyə çalışıb.

Azərbaycan Turizm və Menecment Universitetinin ikinci kurs tələbəsi Səid Pirzanov daha çox klassik ədəbiyyata üstünlük verdiyini bildirib. O, XIX əsr rus ədəbiyyatını və XX əsr Azərbaycan ədəbiyyatını xüsusilə sevdiyini qeyd edib: “Son vaxtlar daha çox roman janrında əsərlər oxuyuram. Elə dövrlər olub ki, əsasən pyeslərə və dramlara üstünlük vermişəm. Anton Çexov, Maksim Qorki kimi rus dramaturqları ilə yanaşı, Azərbaycan ədəbiyyatından Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı kimi müəlliflərin əsərlərini oxumuşam. Cəfər Cabbarlının “Sevil”, “Almaz”, “Aydın”, “Oqtay Eloğlu” əsərləri mənə çox təsir edib.

Cəlil Məmmədquluzadənin “Ölülər”, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, “Müsibəti-Fəxrəddin” əsərləri də diqqətimi cəlb edib. Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, “Bəxti cavan”, Mirzə İbrahimovun “Həyat”, “Madrid” pyesləri və Səməd Vurğunun şeirləri sevimlilərimdəndir. Dünya ədəbiyyatından isə Voyniçin “Ovod”, Maksim Qorkinin “Foma Qordeyev”, “Meşşanlar”, İvan Turgenevin “Ərəfə”, “Atalar və oğullar”, Anton Çexovun “6 nömrəli palata” və “Albalı bağı” əsərlərini xüsusilə fərqləndirərdim”.

Paytaxt sakini Rahidə Xəlidova əvvəllər detektiv janra üstünlük versə də, son dövrlərdə daha çox roman və psixoloji əsərlər oxuduğunu bildirib: “Qeyri-bədii ədəbiyyat mənə o qədər də maraqlı deyil. Motivasiya tipli kitabları sevmirəm, çünki onların fikirlərimi dəyişdirəcək qədər təsirli olduğunu düşünmürəm. Elxan Elatlı, Çingiz Abdullayev və Aqata Kristinin detektiv əsərlərini sevirəm. Nizami Gəncəvinin “Xəmsə”sindəki poemaları da maraqla oxumuşam”.

Bakı Slavyan Universitetinin II kurs jurnalistika fakültəsinin tələbəsi Kübariyə Əliyeva isə daha çox roman janrına üstünlük verdiyini deyib: “İsmayıl Şıxlının “Dəli Kür”, Ernest Heminqueyin “Qoca və dəniz” əsərlərini çox sevmişəm. “Dəli Kür” əsərində Cahandar ağa obrazı xüsusilə diqqətimi çəkir. Əsərdə təsvir olunan bəzi problemlər təəssüf ki, bu gün də aktualdır”.

Həmin universitetin digər tələbəsi Ülviyyə Dadaşova daha çox dünya, xüsusilə türk ədəbiyyatına üstünlük verdiyini bildirib: “Romantika janrı mənə daha yaxındır. Uilyam Şekspirin “Romeo və Cülyetta” əsəri ən sevdiklərimdəndir. Sonu faciə ilə bitsə də, iki gəncin sevgisi uğrunda mübarizəsi məndə dərin təəssürat yaradıb”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor, şair Sabir Cümşüd isə hər janrın özünəməxsus gözəlliyi olduğunu vurğulayıb. O, bədii ədəbiyyatda daha çox nəzmə üstünlük verdiyini, Səməd Vurğun və Nəriman Həsənzadənin yaradıcılığını yüksək qiymətləndirdiyini bildirib. Nəsr janrında isə xüsusilə Yusif Səmədoğlunun “Qətl günü” romanını sevdiyini qeyd edib.

Müxbirlər - Göyçək Mahmudlu, Alvina Həsənova, Nəzrin Qurbanova, Nərgiz Abbaszadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
104
1
azertag.az

2Mənbələr