Külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib.
Onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri polis nəzarəti altında olma qətimkan tədbiri ilə əvəz olunub.
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib.
Maraqlıdır, müğənni nəzarət altında yenidən fəaliyyətinə davam edə bilər?
Vəkil Rəhim Xoyski “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən, polis nəzarəti altında olan şəxs müəyyən qətimkan tədbirinə tabedir və onun gündəlik həyatı tam sərbəst olmur:

“Şəxs təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan yaşadığı yaşayış məntəqəsinin (məsələn, Bakı şəhərinin) hüdudlarından kənara çıxa və ya başqa yerə gedə bilməz.
Lakin şəxs polisə gəlmə vaxtına riayət etməlidir və həmin vaxt tədbirdə ola bilməz. Əgər konsert və ya tədbir başqa şəhər və ya rayondadırsa, müstəntiqin və ya məhkəmənin xüsusi icazəsi olmadan ora getmək qətimkan tədbirinin pozulması sayılır. Bu halda qətimkan tədbiri daha ağır tədbirlə (məsələn, həbslə) əvəz oluna bilər.
Şəxs öz şəhəri və ya rayonu daxilində toy və ya yas mərasimlərinə gedə bilər, əgər məhkəmə tərəfindən konkret olaraq kütləvi yerlərə getmək qadağası qoyulmayıbsa.
Başqa rayonda keçirilən toy və ya yas mərasiminə getmək üçün isə mütləq icraatda olan orqandan (müstəntiq və ya məhkəmə) icazə alınmalıdır. Adətən yaxın ailə üzvlərinin yas mərasimləri üçün belə icazələr verilir, lakin bu, hər dəfə rəsmi qaydada rəsmiləşdirilməlidir”.
Vəkil qeyd edir ki, polis nəzarəti “ev dustaqlığı” deyil:
“Ev dustaqlığında şəxsə evdən çıxmaq tamamilə qadağan edilə bildiyi halda, polis nəzarətində əsas məhdudiyyət yaşayış məntəqəsini tərk etməmək, qeydiyyat qaydalarına əməl etmək və polis nəzarətinə tabe olmaqdır”.