AZ

Təranə Yusifova: Ramiz Mustafayev və Zakir Bağırov musiqi mədəniyyətimizdə silinməz iz qoyub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 aprel, AZƏRTAC

Aktyor, vokalist, bəstəkar, bədii rəhbər, xormeyster, dirijor və pedaqoq kimi çoxşaxəli fəaliyyət göstərən Ramiz Mustafayev yaradıcılığı boyu bütün janrlarda əsərlər yazıb. Onun xor musiqisinə verdiyi töhfələr isə xüsusilə zəngindir. Görkəmli sənətkarın bu il anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor kollektivi olaraq onun zəngin yaradıcılıq irsinə həsr olunan konsert proqramı təqdim etdik.

Bunu AZƏRTAC-a açıqlamasında kollektivin bədii rəhbəri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifova deyib.

O bildirib ki, Ramiz Mustafayev 250-dən çox mahnı və təsnifi xor üçün işləyib, onun yaradıcılığına opera, musiqili komediya, simfoniya və romanslar da daxildir.

“Konsert proqramı, həmçinin bu il anadan olmasının 110 illiyi tamam olan görkəmli bəstəkar Zakir Bağırova da həsr olunub. Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı, Əməkdar incəsənət xadimi, professor və pedaqoq kimi o, milli musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayıb. Onun yaradıcılığı özünəməxsus üslubu ilə seçilir. “Qaynana” operettası, “Aygün” operası, film musiqiləri, eləcə də mahnı və romansları geniş auditoriya tərəfindən sevilərək ifa olunur. Biz də proqramımıza hər iki bəstəkarın yaradıcılığının ən səciyyəvi nümunələrini daxil edərək dinləyicilərə zəngin və rəngarəng musiqi axşamı təqdim etməyə çalışdıq. Çünki Ramiz Mustafayev və Zakir Bağırov kimi görkəmli bəstəkarlar Azərbaycan musiqi mədəniyyətinin inkişafında silinməz iz qoymuş sənətkarlardır”, - deyə Təranə Yusifova vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
azertag.az

2Mənbələr