Bakı, 23 aprel, AZƏRTAC
Hazırkı ABŞ administrasiyası cinayətkarlığa qarşı mübarizəni sərtləşdirmək vədlərinə baxmayaraq, əsas hüquq-mühafizə orqanlarında 4 mindən çox iş yerini ixtisar edib.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin mənbələrə istinadla yaydığı məlumata görə, ixtisarlar terrorizmə qarşı mübarizə və narkotik qaçaqmalçılığı da daxil olmaqla, hay-küylü cinayət işlərinin təhqiqi ilə məşğul olan qurumlarda aparılıb.
2024-cü maliyyə ilindən başlayaraq, FTB-də, Narkotiklərlə Mübarizə İdarəsində, alkoqol, tütün, odlu silahlar və partlayıcı maddələr Bürosunda minlərlə iş yeri azaldılıb. Prezident və onun siyasi müttəfiqləri ilə bağlı təhqiqatlar aparan onlarla federal prokuror və FTB agenti işdən çıxarılıb.
Ədliyyə Nazirliyinin fikrincə, “Amerika xalqını qorumaq üçün cinayətkarlığa qarşı fəal və vicdanla mübarizə aparmaq istəməyən” əməkdaşlar da istefaya göndərilir.