AZ

Simvolların dili: Trampın vizual təbliğatı nəyi hədəfləyir?

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Müasir informasiya mühitində siyasi mesajların auditoriyaya çatdırılması yalnız çıxışlar və rəsmi bəyanatlarla məhdudlaşmır. Vizual materiallar, xüsusilə, sosial şəbəkələrdə sürətlə yayılan şəkillər və posterlər ictimai rəyə təsir göstərmək baxımından getdikcə daha mühüm rol oynayır. Bu kontekstdə Donald Trump ilə bağlı yayılan və “TRUST IN TRUMP” şüarı ilə müşayiət olunan vizual material diqqətəlayiq nümunə kimi dəyərləndirilə bilər”.

(https://x.com/WhiteHouse/status/2046661978123354167/photo/1)

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında politoloq Nicat İsmayılov bildirib ki, şəkildə diqqəti cəlb edən əsas elementlərdən biri ABŞ prezident administrasiyasının simvolu kimi qəbul edilən The White House loqosudur. Bu, görüntüyə rəsmilik və dövlətçilik çaları qatır. Digər tərəfdən, “Make America Great Again” şüarı ilə tanınan qırmızı kepka artıq siyasi brendə çevrilmiş simvoldur. Bu atributlar birlikdə seçicilərdə tanışlıq, güvən və davamlılıq hissi formalaşdırmağa xidmət edir: ““TRUST IN TRUMP” ifadəsi isə birbaşa emosional çağırışdır. Bu tip şüarlar sadə, yaddaqalan və təkrarlana bilən olduğu üçün kütlə psixologiyasına daha tez təsir edir. Bu cür vizual-siyasi mesajlar xüsusilə qərarsız seçicilər üzərində təsir gücünə malikdir, çünki onlar mürəkkəb siyasi arqumentlərdən daha çox emosional və simvolik çağırışlara reaksiya verirlər.

Şəkildəki hərbi salam jesti təsadüfi deyil. Bu, ənənəvi olaraq güc, nizam-intizam və dövlətə sədaqət simvolu kimi qəbul olunur. Belə bir jestin mülki lider tərəfindən nümayiş etdirilməsi onun özünü güclü, qətiyyətli və dövlət təhlükəsizliyinə önəm verən lider kimi təqdim etməsinə xidmət edir”.

Politoloq vurğulayıb ki, bu cür vizual təqdimatlar lider kultunun formalaşdırılmasında mühüm rol oynayır. Liderin “xilasedici”, “qoruyucu” və ya “birləşdirici” obrazda təqdim olunması siyasi strategiyanın əsas elementlərindən biridir.

“Sual yaranır: bu cür simvollar müharibəyə hazırlıq siqnalıdırmı? Birbaşa olaraq belə nəticə çıxarmaq düzgün olmaz. Lakin siyasi kommunikasiya baxımından bu cür elementlər daha çox “təhlükəsizlik gündəliyi”nin önə çəkilməsi kimi qiymətləndirilə bilər. Yəni mesajın mahiyyəti real müharibə çağırışından çox, seçicilərə “güclü lider, təhlükəsiz dövlət” əlaqəsini aşılamaqdır.

Bu, xüsusilə beynəlxalq gərginliklərin artdığı dövrlərdə daha effektiv işləyən strategiyadır. Cəmiyyətin təhlükəsizliklə bağlı narahatlıqları fonunda sərt və qərarlı lider obrazı daha çox dəstək qazana bilir.

Belə vizual təbliğatın əsas hədəfi, şübhəsiz ki, ölkədaxili ictimaiyyətdir. Məqsəd isə mövcud tərəfdar bazasını möhkəmləndirmək, tərəddüd edən seçiciləri cəlb etmək və lider ətrafında emosional bağlılıq yaratmaqdır”, – deyə politoloq bildirib ki, bu baxımdan qeyd olunan vizual materialın məhz ictimai rəyi formalaşdırmaq və siyasi mövqeləri möhkəmləndirmək üçün hazırlandığı ehtimalı yüksəkdir.

Politoloqun fikrincə, bu cür vizual siyasi materiallar sadəcə şəkil deyil, kompleks kommunikasiya alətidir. Onlar simvollar, jestlər və şüarlar vasitəsilə dərin psixoloji təsir yaradır, seçici davranışına yön verir və siyasi diskursu formalaşdırır: ““TRUST IN TRUMP” kimi mesajlar bir tərəfdən sadə çağırış təsiri bağışlasa da, o biri tərəfdən geniş strateji məqsədlərə xidmət edir: güvən yaratmaq, lider obrazını gücləndirmək və ictimaiyyəti müəyyən siyasi xətt ətrafında səfərbər etmək”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
bizimyol.info

1Mənbələr