AZ

Yeniyetmələrin sosial təhlükəsizliyi necə qorunur?

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib.

APA-nın məlumatına görə, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib, doğum gerçəkləşib.

Yeniyetmə qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

"Daxil olan məlumata görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir", - deyə- məlumat verilir.

Bəs bu kimi halların qarşısını necə almaq olar? Yeniyetmələrin qorunması ilə bağlı qanunların daha da sərtləşdirilməsinə ehtiyac varmı?

Sosioloq Naib Niftəliyev Bizimyol.info xəbər portalına bildirib ki, həm fiziki, həm mənəvi, həm də psixoloji tərbiyə bir-birini tamamlamalıdır: “Qanunun sərtləşdirilməsi məsələnin həllini təmin etmir. Daha önəmli olan etibarlı həll mexanizminin tətbiq olunmasıdır. Qanunvericilik sisteminin tətbiq səviyyəsi daha effektiv və faydalı olmalıdır. Biz çox vaxt qanunları qəbul edirik, lakin tətbiqi ilə bağlı çox ziddiyyətlərlə mürəkkəb bir vəziyyət yaşayırıq.

Bir yeniyetmənin bu vəziyyətə düşməsi iki əsas səbəbdən irəli gəlir: birincisi, onun hüquq və məsuliyyətlərini tam dərk etməməsi, ikincisi, ətraf mühitin və sosial təsirlərin, xüsusən, zorakılıq faktlarının onun həyatına təsiri.

Biz bu situasiya ilə tam tanış deyilik. Əgər cinayət işi qaldırılıbsa, deməli, cinayət törədən və hadisə ilə bağlı faktiki olaraq 16 yaşı tamam olmamış şəxsə gizli münasibətdə zorakılıq tətbiq olunması halları var. Belə vəziyyətdə cinayət işi mütləq axıra qədər aparılmalıdır”.

Naib Niftəliyevin sözlərinə görə qanunun düzgün tətbiqinə və effektiv icrasına, həmçinin qanunvericilik sistemində şəffaflıq mexanizminin gücləndirilməsinə ehtiyac var: “Mən düşünürəm ki, yeniyetmələrin davranışı və sosial tərbiyəsi ilə bağlı maarifləndirmədə mənəvi və psixoloji keyfiyyətlərin aşılanması daha önəmli olmalıdır. Həm fiziki, həm mənəvi, həm də psixoloji tərbiyə bir-birini tamamlamalıdır. Hər bir insan, qız və ya oğlan, düzgün tərbiyəyə ehtiyac duyur. Bu həm ailədə, həm də məktəbdə baş verən bir prosesdir.

Bu baxımdan, müəllimlər də, valideynlər də həm hüquqi, həm də mənəvi məsuliyyəti bölüşürlər. Məsuliyyəti yalnız bir tərəfin üzərinə atmaq tələsik və yanlış qənaət olardı. Araşdırma davam edir, istintaq tədbirləri real səbəbləri üzə çıxarar. Ola bilər ki, qız bu məsələdə müəyyən təsir altında olub və nəticədə belə xoşagəlməz vəziyyət yaranıb”.

Naib Niftəliyev həmçinin vurğulayıb: “İstənilən halda, narahatlıq üçün ciddi əsaslar var. Təəssüf ki, cəmiyyətdə belə hallar çoxsaylı olmasa da, nadir faktlar deyil. Buna bənzər zorakılıq faktları, təcavüz və ya məsuliyyətsizlikdən irəli gələn müəyyən hərəkətlər özünü göstərir. Statistik məlumatlar məhdud və qapalı ola bilər.

Yeniyetmələrin qorunması məsələsində daha çox sosial himayə və müdafiə, həmçinin sosial təhlükəsizlik tədbirləri önə çəkilməlidir. Təkliflər çoxdur, lakin əsas məsələ yeniyetmələrin sosial davranışının formalaşmasıdır. Bu, gənclərin ən çətin inkişaf dövrü ilə bağlıdır: onlar həm fiziki, həm sosial, həm də psixoloji cəhətdən intensiv inkişaf dövründədirlər və birmənalı şəkildə qaydalara tabe olmaya bilirlər. Bu səbəbdən bəzən problemli hallarla üzləşirlər.

Bunun müqabilində təkliflərimiz müəyyən həll mexanizmlinin incəliklərini qismən əks elətdirir. Qısa zaman çərçivəsində bütün problemləri həll etmək mümkün deyil. Burada yeniyetmənin yaşı, sosial mühitə inteqrasiyası və formalaşan sosial mühit amilləri nəzərə alınmalı, bütün fəaliyyət hədəfləri bu istiqamətdə planlaşdırılmalıdır”.

Naib Niftəliyev əlavə edib: “Yeniyetmə problemli vəziyyətlə üzləşdikdən sonra təbii ki, müdaxilə etmək bir qədər gecdir. Buna görə, daha çox önləyici tədbirlərə, psixoloji və sosial dəstək proqramlarına, həmçinin sosial maarifləndirmə tədbirlərinə üstünlük verilməlidir”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
92
bizimyol.info

1Mənbələr