AZ

Yuxarı təzyiqdən əziyyət çəkənlərin nəzərinə: dərmanlar bu səbəbdən təsir etmirmiş

Arterial hipertoniya və ya xalq dilində yüksək təzyiq ürək-damar problemlərinin ən riskli xəstəliklərindən biridir. Lakin, bir çoxları vəziyyətlərindən xəbərsizdir və ya bilmək istəmir. Buna görə də hipertoniyadan əziyyət çəkən insanların rəsmi sayı hesablanarkən ancaq xəstəxanaya müraciət edənlərin sayı əsas götürülür. Qalanlar isə bunu adi başağrısı ilə qarışıq salıb, sonralar acı nəticələri ilə barışmalı olurlar.

İndiyədək yuxarı qan təzyiqi “yaşlıların xəstəliyi” hesab olunurdu. Amma müşahidələr və şikayətlər göstərir ki, hipertoniya artıq gəncləşib. İndi hətta 18-20 yaşında cavanlarda da problemlər yaranır.  

Bir vacib məlumatı da qeyd edək ki, hipertoniya nadir hallarda öz-özünə baş verir. Adətən artıq çəki, yanlış qidalanma və maddələr mübadiləsinin pozulması ilə müşayiət olunur. Həmçinin, 10 il sonra özünü göstərə biləcək diabetin xəbərçisi ola bilər. Hipertoniyaya səbəb olan amillərdən biri də xalq arasında zob adlanan qalxanabənzər vəzi xətəliyidir, böyrək problemləri, osteoxondroz da təzyiqi artırır.

Bu xəstəlikdən əziyyət çəkənləri bir sual da maraqlandırır: niyə təzyiq dərmanları təsir etmir?

Endekrinoloq Adil Talıbov Bizim.Media-nın sualına cavab olaraq bildirib ki, buna səbəb əksər hallarda müalicəyə zəif riayət etməkdir:
 

“Xəstələr ya dərmanlarını yada düşəndən-düşənə qəbul edirlər, ya təlimata düzgün əməl etmirlər, ya da ümumiyyətlə qan təzyiqini səhv ölçülürlər. Bu, əsasən özü cihazla ölçənlərə aiddir. Yəni tibb məntəqəsində, mütəxəssis tərəfindən nadir hallarda yanılma ola bilər. Şəxsi ölçmələrdə isə qol manjetləri düzgün tənzimlənmir, doğru oturuş qaydasında olmur və s. Bu da nəticələrin təhrif olunmasına səbəb olur”.


Həkim tövsiyə edir ki, həftədə bir neçə dəfə təzyiqi yuxarı göstərən şəxslər artıq hipertoniyadan əziyyət çəkənlər sırasındadır. Səbəbi müəyyənləşdirmək üçün həkim müayinə etməli və düzgün, sistemli müalicə almalıdırlar.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
28
1
bizim.media

2Mənbələr