AZ

Həmişə belə danışın, Emin Əmrullayev...



Vüsalə Ağabəyli: "Bu gün çox təqdirəlayiqdir ki, nazir də bizlə həmfikirdir" Sosial şəbəkələrdə elm və təhsil naziri Emin Əmrullayevin diqqətçəkən fikirləri yayılıb. Nazir bildirib ki, sualları hazırlayanlar çaşdırmaq üçün hazırlayırlar, öyrətmək üçün deyil, bu yanaşma dəyişməlidir. "Mənim şəxsi müşahidələrimin nəticəsidir ki, Azərbaycanda bir çox fənn mütəxəssisləri, istər dil, istər tarix sahəsində - biz bunu müəllimlərin işə qəbulu imtahanında da görürük - sualları yazarkən daha çox qarşısındakı adamı çaşdırmaq məqsədi daşıyır, nəinki onun biliyini ölçmək. Bu, dəyişməlidir. Çünki "sual insanı çaşdırında düz cavab verirmi" məntiqindən "o nəyisə bacarırımı" funksiyasına malik olmalıdır. Bu daha çox qurumların yox, məhz Azərbaycan pedaqogikasında mövcud olan problemin dəyişməsidir. Bu, daha çox fənn mütəxəssislərinə olan müraciətdir" deyə, nazir qeyd edib. Filologiya elmləri doktoru, professor Vüsalə Ağabəyli baki-xeber.com-a bildirdi ki, nazir Emin Əmrullayevin səsləndirdiyi fikri müasir pedaqoji yanaşmalar kontekstində tam əsaslı və düzgün hesab etmək doğru olardı. "Bu yanaşma, xüsusilə qiymətləndirmə nəzəriyyəsində "ölçmə üçün qiymətləndirmə" (assessment of learning) modelindən "öyrənmə üçün qiymətləndirmə" (assessment for learning) modelinə keçidin vacibliyini bir daha gündəmə gətirir. Biz əvvəllər imtahan suallarını müzakirə edəndə də bu məsələni vurğulayırdıq. Bu gün çox təqdirəlayiqdir ki, nazir də bizlə həmfikirdir. Həqiqətən də sualın əsas funksiyası tələbənin və ya şagirdin biliyini "tələ quraraq" yoxlamaq deyil, onun anlayış səviyyəsini, analitik düşünmə bacarığını və tətbiqetmə imkanlarını üzə çıxarmaqdan ibarət olmalıdır. Təəssüf ki, Azərbaycan təhsil sistemində uzun müddət formalaşmış ənənəvi yanaşmalarda test və imtahan suallarının müəyyən hissəsi daha çox çaşdırıcı elementlər üzərində qurulmuş, nəticədə qiymətləndirmə obyektivlikdən uzaqlaşmışdır". Professor Ağabəyli qeyd etdi ki, nazirin vurğuladığı problem, əslində, pedaqoji ölçmə və qiymətləndirmə sahəsində uyğunluq prinsiplərinin pozulması ilə əlaqəlidir. "Əgər sual şagirdin real bilik və bacarığını ölçmək əvəzinə onu çaşdırmağa yönəlibsə, bu zaman əldə olunan nəticə həmin şəxsin bacarığını adekvat şəkildə əks etdirmir. Bu isə həm tədris prosesinin keyfiyyətinə, həm də ümumi təhsil strategiyasına mənfi təsir göstərir. Müasir təhsil nəzəriyyələri, xüsusilə kompetensiya əsaslı yanaşma, tələbənin yalnız faktoloji biliyini deyil, eyni zamanda onun tənqidi düşünmə, problem həll etmə və praktik tətbiq bacarıqlarını qiymətləndirməyi prioritet hesab edir. Bu baxımdan, sualların konstruksiyası aydın, məqsədyönlü və didaktik baxımdan əsaslandırılmış olmalıdır. Bununla yanaşı, çaşdırıcı və qeyri-dəqiq qurulmuş sualların psixoloji və motivasiya təsiri də nəzərə alınmalıdır. Belə suallar imtahan verənlərdə ədalətsizlik hissi yaradır, onların öz biliklərinə olan inamını zəiflədir. Bu isə öz növbəsində, uzunmüddətli perspektivdə təhsil keyfiyyətinə birbaşa mənfi təsir göstərir. Digər mühüm məqam ondan ibarətdir ki, qiymətləndirmə prosesi həm də öyrədici funksiyaya malik olmalıdır. Yəni suallar yalnız nəticəni yoxlamaq üçün deyil, eyni zamanda öyrənmə prosesini istiqamətləndirmək üçün də rol oynamalıdır. Aydın və məqsədyönlü suallar tələbənin səhvlərini başa düşməsinə, boşluqlarını görməsinə və özünü inkişaf etdirməsinə imkan yaradır. Bu baxımdan, qiymətləndirmə mədəniyyətinin təkmilləşdirilməsi həm ədalət baxımından, həm də təhsil sisteminin ümumi effektivliyi üçün vacib şərtdir. Buna görə də, nazirin irəli sürdüyü mövqe hal-hazırda mövcud olan struktur problemlərin düzgün identifikasiyası kimi qiymətləndirilməlidir. Bu yanaşmanın həyata keçirilməsi üçün isə fənn mütəxəssislərinin qiymətləndirmə savadlılığının artırılması, müasir testologiya prinsiplərinin tətbiqi və pedaqoji təlimlərin gücləndirilməsi zəruridir"-deyə Vesalə Ağabəyli vurğuladı. İradə SARIYEVA
Seçilən
63
baki-xeber.com

1Mənbələr