AZ

Meta dələduz reklamlarına görə məhkəməyə verilib

ABŞ-da fəaliyyət göstərən İstehlakçı Federasiyası (CFA) Meta Platforms şirkətinə qarşı kollektiv iddia qaldırıb. Təşkilat sosial media nəhəngini platformalarında yerləşdirilən dələduz reklamlarından gəlir əldə etməkdə və istifadəçiləri bu təhlükələrlə bağlı yanlış məlumatlandırmaqda ittiham edir.

İddia Vaşinqton şəhərinin Ali Məhkəməsinə təqdim olunub və zərər çəkmiş istifadəçilər üçün kompensasiya tələb olunur. Şikayətdə bildirilir ki, şirkət istifadəçilərin təhlükəsizliyi hesabına gəlirlərini artırmaq üçün bilərəkdən müəyyən siyasətlər həyata keçirib.

QHT. az xarici mediaya istinadən bildirir ki,  CFA-nın müraciətində Reuters agentliyinin əvvəlki araşdırmalarına da istinad edilir. Həmin məlumatlara görə, Meta-nın daxili sənədləri platformalarda dələduzluq reklamlarının geniş yayıldığını ortaya qoyur. Şirkətin 2024-cü il hesablamalarına əsasən, istifadəçilərə gündəlik 15 milyard “yüksək riskli” reklam göstərilib və bu reklamlardan illik təxminən 7 milyard dollar gəlir əldə olunub.

Bundan əlavə, daxili proqnozlara görə, Meta-nın ümumi illik gəlirinin təxminən 10 faizi – yəni 16 milyard dolları – dələduz və qadağan olunmuş məhsullarla bağlı reklamlardan formalaşa bilər.

Meta isə ittihamları rədd edib. Şirkət bildirib ki, bu iddialar onların fəaliyyətini düzgün əks etdirmir və məhkəmədə müdafiə olunacaqlar. Eyni zamanda qeyd olunub ki, reklam verənlərin yoxlanılması prosesi genişləndirilir və maliyyə xidmətləri ilə bağlı reklamların istifadəçiləri şəxsi mesajlaşma platformalarına yönləndirməsi artıq qadağan edilib.

Şikayətdə həmçinin vurğulanır ki, Meta platformalarında dələduzluq risklərini ictimaiyyət qarşısında olduğundan daha az göstərərək istifadəçilərdə saxta təhlükəsizlik təəssüratı yaradıb.

Bundan başqa, CFA iddia edir ki, şirkət Çində yerləşən bəzi reklam tərəfdaşlarının geniş miqyaslı dələduz reklam fəaliyyətinə göz yumub. Bu tərəfdaşlar “agent hesabları” vasitəsilə reklamları yenidən satmaq hüququna malik olub və bu sistemin dələduzluq reklamlarını asanlaşdırdığı bildirilir.

Zəhra Ağayeva

Seçilən
33
qht.az

1Mənbələr