İranda siyasi hakimiyyətlə SEPAH arasında ciddi fikir ayrılığı yaranıb...
İranın danışıqlar qrupu ilə SEPAH arasında yaranmış ciddi fikir ayrılıqlarının əsas səbəblərindən biri mart ayında İran Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Əli Laricaninin öldürülməsi olub.
Poliqon xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.
Məlumata görə, Laricani ölkə daxilində tərəflər arasında uzlaşmanı təmin etmək üçün zəruri olan siyasi nüfuza və təsir imkanlarına malik fiqur hesab edilirdi.
Nəşr qeyd edir ki, onun həm dövlət strukturlarında, həm də təhlükəsizlik dairələrində qəbul edilən şəxs olması İran rəhbərliyində vahid mövqenin formalaşmasına kömək edirdi.
Laricaninin varisi təyin olunan Məhəmməd Baqir Zolqədr isə bu missiyanın öhdəsindən gələ bilmir. Amerikalı rəsminin sözlərinə görə, onun əsas vəzifəsi SEPAH, mülki rəhbərlik və ali lider arasında əlaqələndirməni təmin etmək olsa da, bu istiqamətdə effektiv nəticə yoxdur.
Mənbələr bildirirlər ki, hazırkı vəziyyət Tehranda qərarvermə mexanizmini çətinləşdirir və xarici siyasət məsələlərində vahid xəttin müəyyənləşdirilməsinə mane olur.
Analitiklərin fikrincə, İran daxilində siyasi və hərbi mərkəzlər arasında artan parçalanma regiondakı böhranların həllini daha mürəkkəb edə bilər.
Poliqon.info