Ermənistana turist axınının ildə 3 milyon nəfərə qədər artırılması planlaşdırılır.
"Far.Az" "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı proqramını təqdim edərkən bəyan edib.
Onun sözlərinə görə, bu, həm də ölkədə dünya ulduzlarının iki konsertinin keçirilməsi hesabına mümkün olacaq.
"Biz hər il dövlət büdcəsindən müsabiqə əsasında Ermənistanda dünya ulduzlarının ən azı iki konsertinin təşkili üçün vəsait ayırmaq qərarına gəlmişik", - Paşinyan bildirib.
Hökumət başçısı qeyd edib ki, dünya ifaçılarının dəvət edilməsi təkcə ölkənin imicininin möhkəmlənməsinə deyil, həm də onun iqtisadiyyatına müsbət təsir göstərir.
O, həmçinin bu cür tədbirlərin özünü tam doğrultduğunu vurğulayıb: "Bütün hesablamalarımız göstərir ki, biz bu pulları qeyd olunan məqsədlərə yatıranda, Ermənistana gələn turistlərin sayı və onların xərclədiyi pullar qoyulan investisiyaların tam şəkildə geri qaytarılmasını təmin edir".