AZ

Mavi ekran, yoxsa mavi bəla?.. - MÜSAHİBƏ

Oftalmoloq: Unutmamalıyıq ki, göz sağlamlığını qorumaq, eyni zamanda, həyat keyfiyyətini qorumaq deməkdir

Müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilmiş rəqəmsal cihazlar olan kompüter, telefon və planşetlər gündəlik fəaliyyətimizi asanlaşdırsa da, eyni zamanda, insan sağlamlığı, xüsusilə də görmə orqanı üçün yeni risklər formalaşdırır. Uzunmüddətli ekran qarşısında vaxt keçirmək nəticəsində yaranan narahatlıqlar artıq təkcə fərdi şikayət deyil, qlobal tibbi problem kimi qiymətləndirilir. Bu təsirlər daha çox uşaqlar, yeniyetmələr və gününün böyük hissəsini ekran qarşısında keçirən şəxslərdə müşahidə olunur.

Bakının Nəsimi rayonundakı 5 saylı şəhər poliklinikasının həkim-oftalmoloqu Fərəh İsmayılova “İki sahil” qəzetinə özəl müsahibəsində rəqəmsal cihazların göz sağlamlığına təsirini, yaranan problemlərin səbəblərini və qoruyucu tədbirləri geniş şəkildə izah edir.

-Kompüter, telefon və planşet kimi rəqəmsal cihazlardan uzunmüddətli istifadə göz sağlamlığına nə kimi zərər verir və bu təsirlər daha çox hansı yaş qruplarında müşahidə olunur?

-Rəqəmsal cihazlardan uzunmüddətli istifadə nəticəsində ən çox rast gəlinən problem “Digital Eye Strain (DES)” – kompüter görmə sindromudur. Bu vəziyyət bir neçə klinik əlamətlə özünü göstərir. Akkomodasiya spazmı yəni, gözün fokuslanma qabiliyyətinin müvəqqəti pozulması, göz quruluğu sindromu (Dry Eye Syndrome) – qırpma tezliyinin azalması nəticəsində, astenopiya – göz yorğunluğu və nadir hallarda diplopiya – ikili görmə müşahidə oluna bilər. Bu hallar daha çox uşaqlarda, vizual sistem tam formalaşmadığı üçün yeniyetmələrdə və uzun müddət kompüter qarşısında çalışan şəxslərdə rast gəlinir. Həmçinin miopiyası olan şəxslərdə bu şikayətlər daha qabarıq olur.

-Son illərdə uşaqlar və gənclər arasında miopiya hallarının artmasının əsas səbəbləri nələrdir?

-Miopiyanın artması bu gün çox aktual problemdir. Əsas səbəblərdən biri uzunmüddətli “near work” – yaxın məsafədə davamlı iş fəaliyyətidir. Bundan başqa, açıq havada az vaxt keçirmək də mühüm faktordur. Bu, retinal dopaminin azalması ilə əlaqələndirilir. Bu problemin yaranmasında genetik meyllilik də rol oynayır. Nəticədə göz almasının aksial uzanması baş verir ki, bu da miopiyanın inkişafını sürətləndirir.

-Ekran qarşısında uzun müddət qalmaq nəticəsində ən çox rast gəlinən göz problemləri hansılardır?

-Ən çox rast gəlinən problemlər göz quruluğu (Dry Eye Syndrome), astenopiya, bulanıq görmə, baş ağrısı və fotofobiyadır. Bu halların əsas səbəbi göz qırpma refleksinin azalması və uzunmüddətli akkomodasiya gərginliyidir.

- “20-20-20” qaydası nədir və bu, effektivdirmi?

-“20-20-20” qaydası profilaktik məqsədlə geniş istifadə olunur: hər 20 dəqiqədən bir 20 saniyə müddətində 20 fut (təxminən uzaq məsafə) istiqamətinə baxmaq tövsiyə olunur. Bu qayda siliyar əzələnin relaksasiyasını təmin edir, akkomodasiya spazmının qarşısını alır və göz yorğunluğunu azaldır. Klinik olaraq effektiv və tövsiyə edilən üsuldur.

-Mavi işıq gözlərə zərər verirmi?

-Rəqəmsal cihazların yaydığı 400–490 nm aralığında olan qısa dalğalı mavi işıq uzunmüddətli təsirdə retinal oksidativ stress yarada və melatonin sekresiyasını azaldaraq yuxu ritmini poza bilər. Lakin klinik praktikada əsas problem mavi işıqdan daha çox fasiləsiz və uzunmüddətli ekrandan  istifadədir.

-Ekran istifadə edərkən gözləri qorumaq üçün hansı qaydalara əməl olunmalıdır?

-Gündəlik ekran vaxtı məhdudlaşdırılmalı, mütləq vizual fasilələr verilməlidir. Ekranla məsafə telefon üçün 30–40 sm, kompüter üçün 50–70 sm olmalıdır. Monitor göz səviyyəsindən bir qədər aşağı yerləşdirilməlidir. İşıqlandırma balanslı olmalı, nə çox parlaq, nə də çox qaranlıq mühit seçilməməlidir. Bundan əlavə, süni göz yaşı istifadəsi və yatmazdan əvvəl ekrandan istifadənin azaldılması da tövsiyə olunur.

-Uşaqlarda ekran vaxtı necə tənzimlənməlidir?

-Ekrandan istifadənin 2–5 yaş arası uşaqlarda gündə maksimum 1 saat, daha böyük uşaqlarda isə 1–2 saatdan çox olmaması tövsiyə olunur. Valideynlər bu prosesi vaxt məhdudiyyəti funksiyaları ilə idarə edə bilərlər. Uşaqlar açıq havada oyunlara və kitab oxumağa yönləndirilməlidir. Ən vacibi isə valideynlərin öz davranışları ilə nümunə olmasıdır.

-Göz sağlamlığında qidalanmanın rolu nədən ibarətdir?

-Vitamin A (retinol) fotoreseptor funksiyası üçün vacibdir. Bu vitamin yerkökü və balqabaqda olur. Vitamin C və E antioksidant rol oynayır. Bunlar isə meyvə-tərəvəz, qoz-fındıq və balıqda mövcuddur. Omega-3 yağ turşuları göz quruluğunu azaldır və balıqda boldur. Lutein və zeaksantin isə tor qişanı qoruyur və yaşıl yarpaqlı tərəvəzlərdə olur.

-Hansı simptomlar ciddi sayılmalı və nə zaman həkimə müraciət edilməlidir?

-Erkən simptomlar – sulanma, yorulma kimi hallar ciddi sayılmaya bilər. Lakin davamlı bulanıq görmə, diplopiya və təkrarlanan baş ağrıları olduqda mütləq oftalmoloqa müraciət edilməlidir. Bu hallar refraksiya qüsurları və ya digər patologiyaların göstəricisi ola bilər.

-Rəqəmsal cihazlardan tam imtina mümkün olmadıqda necə balans qurulmalıdır?

-Ekran vaxtı optimallaşdırılmalı, müntəzəm fasilələr verilməlidir. Açıq havada aktivlik – xüsusilə uşaqlarda gündə ən azı 1 saat – təmin edilməlidir. Düzgün yuxu rejimi də vacibdir.

-Məktəb və ev şəraitində hansı profilaktik tədbirlər görülməlidir?

-Məktəblərdə müəllimlər dərs prosesində fasilələr verməli, düzgün işıqlandırmanı təmin etməli və şagirdlərin oturuşuna nəzarət etməlidirlər. Vizual məsafə qorunmalıdır. Evdə isə valideynlər düzgün masa və işıq şəraiti yaratmalı, ekran istifadəsinə nəzarət etməli və uşaqları ildə ən azı bir dəfə oftalmoloji müayinəyə aparmalıdırlar

Göz sağlamlığını qorumaq yalnız tibbi məsələ deyil, həyat keyfiyyətinin qorunması deməkdir. Rəqəmsal dövrdə düzgün vərdişlərin formalaşdırılması görmə orqanının uzunmüddətli sağlamlığı üçün əsas şərtdir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
27
ikisahil.az

1Mənbələr