AZ

“Azərbaycan və Türkiyə regionda strateji inteqrasiyanın daha intensiv xarakter almasına töhfələr verir” - ŞƏRH

“Antalya Diplomatiya Forumunda (ADF-2026) beynəlxalq müstəvidə cərəyan edən qlobal proseslər geniş müzakirə olundu. Sayca beşinci olan Forumun mövzusu "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" adlanırdı. Çoxlu sayda dövlət və hökumət başçılarının iştirak etdiyi Foruma Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunması Türkiyə ilə dostluq və qardaşlığın daha bir nümunəsi, eləcə də, dövlətimizin beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, həmçinin 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs iştirak edib:

“Bu fakt özlüyündə Antalya Diplomatiya Forumunun mühüm beynəlxalq platformaya çevrildiyini təsdiqləyir. Prezident İlham Əliyevin Antalyada yüksək səviyyədə qarşılanması, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü və digər amillər Azərbaycan—Türkiyə qardaşlığının parlaq nümunəsidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları münasibətlərimizin əsasını təşkil edir”.

Millət vəkilinin sözlərinə görə, bu gün ən yüksək zirvədə dayanan Türkiyə-Azərbaycan qardaşlığının bünövrəsində qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq dayanır:

“Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı möhkəm dostluq, Azərbaycan-Türkiyə qardaşlığı təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Məlum olduğu kimi, indiyədək Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı ilə həyata keçirilən iqtisadi layihələr həm də Mərkəzi Asiyanın türk dövlətləri üçün geniş imkanlar yaradıb. Hər zaman bir-birinin yanında olan, beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyən, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazan Azərbaycan və Türkiyənin sıx əməkdaşlığı, birgə təşəbbüsləri regionda strateji inteqrasiyanın daha intensiv xarakter almasına mühüm töhfələr verir. Eyni zamanda, dünyanın iqtisadi güclərindən olan Türkiyə dövlətinin güclənməsi həm də Azərbaycanın gücünün artması deməkdir. İki ölkə arasında əlaqələrin daha da dərinləşməsi regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunmasında müstəsna əhəmiyyət daşıyır. TDT-yə üzv dövlətlər arasında da Azərbaycan və Türkiyə lider mövqeləri ilə seçilir. Hər iki ölkə Türk dünyasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsində əsas aparıcı qüvvə kimi çıxış edir. Ölkələrimiz təşkilat çərçivəsində birgə layihələrin həyata keçirilməsində fəal çalışır, eyni zamanda, region dövlətlərini bir araya gətirən mühüm təşəbbüslərə liderlik edir.

Türkiyə ilə Azərbaycanın hərbi və təhlükəsizlik sahəsindəki əməkdaşlığı bölgənin sabitliyi, təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərir və bu əməkdaşlıq da həm regional, həm də qlobal səviyyədə birgə təhlükəsizlik təşəbbüslərinə rəhbərlik edir. Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsi prosesində Türkiyənin siyasi dəstəyi ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsinə səbəb olub. 2021-ci ilin iyun ayında Şuşa şəhərində imzalanmış Müttəfiqlik Bəyannaməsi isə münaibətlərimizin zirvəsini təşkil edir. Azərbaycanın müdafiə qabiliyyətinin artırılması istiqamətində Türkiyənin verdiyi dəstək, xüsusilə hərbi təlimlərlə davam edir. Azərbaycanın müxtəlif bölgələrində keçirilən hərbi təlimlərdə Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri birgə iştirak edərək hərbi hazırlıq səviyyələrini artırıb, regional təhlükəsizliyi təmin etmək üçün güclü təməl yaradıb. Bu təlimlər, həmçinin NATO ilə əməkdaşlıq çərçivəsindəki əlaqələri gücləndirir və qardaş ölkələrimizin beynəlxalq təhlükəsizlik məsələlərindəki həmrəyliklərini daha da möhkəmləndirir.

Bütövlükdə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Türk dünyası daxilində ölkələrimiz arasında artan əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün Türk dünyasının birliyini və inkişafını dəstəkləyir. Hər iki ölkə regional təhlükəsizlik məsələlərində də ortaq maraqlara malikdir. Yəni, Cənubi Qafqazda yaranmış yeni reallıqlar, o cümlədən Yaxın Şərqdə artan gərginlik iki qardaş ölkənin diqqət mərkəzindədir. Dövlətlərimiz regionumuzda sülhün və sabitliyin təmin olunması üçün birgə diplomatik fəaliyyət həyata keçirirlər”.

Müəllif: Arzu Qurbanlı
Seçilən
23
1
sia.az

2Mənbələr