AZ

Azərbaycanda avtomobillərin icbari sığortası qaydası dəyişdirilir

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 29 iyun 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası"nda dəyişikliklər edib.

Trend xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Qərara əsasən, qüvvədə olan Bonus-Malus sistemi ləğv edilir. Bunun əvəzində isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqının hesablanmasında sığorta tarixçəsi əmsalı tətbiq edilir. Bu Qaydanın məqsədləri üçün müəyyən edilən sığorta tarixçəsi əmsalı 0.60 əmsaldan az və 3 əmsaldan çox ola bilməz.

Şəxsin sığorta tarixçəsi əmsalı şəxsə bağlı olmaqla onun sığorta tarixçəsinə əsasən müvafiq güzəşt və əlavələr tətbiq edilməklə hər bir qiymətləndirmə qrupu üzrə ayrı-ayrılıqda formalaşır.

Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən, avtonəqliyyat vasitəsi sahibləri arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik olan şəxsin sığorta tarixçəsi əmsalı tətbiq edilir.

Avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi halı istisna olmaqla, fiziki şəxslər tərəfindən sığorta müqaviləsi bağlanıldığı tarixdən əvvəlki son bir ay ərzində müvafiq nəqliyyat vasitəsinin sahibi olmuş, habelə həmin dövr ərzində bu hüququna xitam verilmiş bütün şəxslər bu Qaydada nəzərdə tutulmuş sığorta tarixçəsi əmsalının tətbiqi zamanı nəzərə alınır.

Avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda, avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edilməsi halı istisna olmaqla, sığorta haqqının hesablanmasında tətbiq olunan sığorta tarixçəsi əmsalı 1-ə bərabərdir və həmin əmsala güzəşt və yaxud əlavə tətbiq edilmir.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edilməsi halı istisna olmaqla, sığortalı hüquqi şəxs olduqda və sığorta hadisəsi baş verdikdə, sığorta tarixçəsi əmsalına tətbiq edilən əlavələr nəqliyyat vasitəsini idarə edən və sığorta hadisəsini törədən fiziki şəxsin sığorta tarixçəsi əmsalına tətbiq edilir.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilk dəfə bağlanarkən, habelə müqavilə bağlamaq istəyən fiziki şəxsin təqsiri üzündən müvafiq qiymətləndirmə qrupu üzrə baş vermiş və İcbari Sığorta Bürosunun informasiya sistemində qeydiyyata alınmış sığorta ödənişi həyata keçirilmiş sığorta hadisəsi mövcud olmadıqda, şəxsin sığorta tarixçəsi əmsalı olaraq 1 əmsal müəyyən edilir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin ilk dəfə bağlanması dedikdə, Büronun informasiya sistemində həmin şəxs tərəfindən müvafiq qiymətləndirmə qrupu üzrə bağlanmış icbari sığorta müqaviləsinin mövcud olmaması nəzərdə tutulur.

Müvafiq qiymətləndirmə qrupu üzrə şəxsin sığorta tarixçəsi əmsalına qüvvədə olan icbari sığorta müqavilələrinin sayından asılı olmayaraq aşağıdakı şərtlərin hər biri mövcud olduqda hər dəfə 5 % güzəşt tətbiq edilir:

- sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklik tarixindən etibarən, fiziki şəxs olduqda özünün, avtonəqliyyat vasitəsini taksi minik avtomobili kimi istifadə edən hüquqi şəxs olduqda isə avtonəqliyyat vasitəsinin sürücüsünün təqsiri üzündən baş vermiş və sığorta ödənişi həyata keçirilmiş heç bir sığorta hadisəsi olmadıqda;

- sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklikdən etibarən sığortalı olduğu günlərin sayı 275-dən çox olduqda.

- sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklik tarixindən etibarən fiziki şəxsin təqsiri üzündən baş vermiş və sığorta ödəniş(lər)i həyata keçirilmiş hər bir sığorta hadisəsi ilə bağlı müvafiq qiymətləndirmə qrupu üzrə həmin şəxsin, sığortalı olub-olmamasından asılı olmayaraq, sığorta tarixçəsi əmsalına 30 % əlavə tətbiq edilir. Büronun informasiya sistemində müvafiq qiymətləndirmə qrupu üzrə şəxs tərəfindən bağlanmış icbari sığorta müqaviləsi mövcud olmadıqda, şəxsin sığorta tarixçəsi əmsalı 1 əmsal olaraq müəyyən edilməklə 30 % əlavə həmin əmsala tətbiq edilir.

Sığortalı hüquqi şəxs olduqda və avtonəqliyyat vasitəsi taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edildikdə sığorta ödənişi həyata keçirilmiş hər bir sığorta hadisəsi üzrə hüquqi şəxsin sığorta tarixçəsi əmsalına 30 % əlavə tətbiq edilir.

fiziki şəxslər, eləcə də avtonəqliyyat vasitəsi taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edildiyi hallarda hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı həmin şəxslərin bu dəyişikliklər qüvvəyə minənədək müvafiq Bonus-Malus qrupu üzrə formalaşmış Bonus-Malus əmsalına bərabər tutulur;

Digər hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı 1 əmsalına bərabər tutulur.

0.45, 0.50 və 0.55 Bonus-Malus əmsalı tətbiq edilən Bonus-Malus subyektlərinin Bonus əmsalları Qərarda nəzərdə tutulmuş dəyişikliklər qüvvəyə mindikdən sonra həmin subyektlərin sığorta tarixçəsi əmsalı olaraq müəyyən edilsin. Həmin subyektlərin təqsiri üzündən ilk sığorta hadisəsi baş verdikdə və həmin sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildikə onların sığorta tarixçəsi əmsalı 0,60 əmsal olaraq müəyyən edilsin.

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılıb ki, qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
18
olaylar.az

10Mənbələr