AZ

AVTOMOBİL BAZARINDA GÖZLƏNİLMƏZ UCUZLAŞMA Ekspert əsas SƏBƏBLƏRİ açıqladı

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

İlin əvvəlində hibrid və elektrik avtomobillərə tətbiq olunan vergi güzəştlərinin ləğvinin bazarda ciddi qiymət artımı yaradacağı gözlənilirdi. Xüsusilə Çin istehsalı avtomobillərin ən azı 20 faiz bahalaşacağı ilə bağlı proqnozlar verilmişdi, lakin reallıq tamam fərqli istiqamət aldı.

Son aylarda bazarda qiymətlərin artması deyil, əksinə, bəzi populyar modellərdə 1000–2000 manat ucuzlaşma müşahidə olunur. Bu isə həm ekspertlərin, həm də alıcıların gözləntilərini alt-üst edən yeni bir tendensiya yaradıb.

Bəs güzəştlərin ləğvinə baxmayaraq avtomobil bazarında qiymətlərin aşağı düşməsinin əsas səbəbi nədir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, qiymətlərin artmamasına səbəb bazardakı bolluqdur.

Onun sözlərinə görə, son iki ildə ölkəyə paralel idxal vasitəsilə, yəni rəsmi diler olmayan fərdi şəxslər və kiçik salonlar tərəfindən kifayət qədər avtomobil gətirilib: “Ötən il isə bu proses pik həddə çatdı. Vəziyyət o yerə gəlib çatdı ki, peşəsindən asılı olmayaraq hər kəs avtomobil idxal etdi. Hibrid avtomobillər üçün tətbiq edilən güzəşt müddətinin başa çatacağı ilə bağlı müvafiq qərar qəbul edildikdən sonra bazarda kütləvi ajiotaj yarandı. Növbəti ilin rüsumlarından azad olmaq və nəqliyyat vasitələrini ölkəyə güzəştli şərtlərlə daxil etmək məqsədilə insanlar tələsik avtomobil gətirməyə başladılar. Bu zaman gömrük rəsmiləşdirilməsi müxtəlif şəxslərin adlarına həyata keçirilirdi. Prosesə həmçinin xüsusi investorlar cəlb edərək ölkəyə kütləvi şəkildə avtomobil idxal edən şəxslər də qoşulmuşdu. Avtomobil biznesi ilə məşğul olan bir şəxs müxtəlif miqdarda 100 min, 200 min və ya 300 min manat həcmində sərmayə yatıran investorları cəlb edir və idxal prosesini mərkəzləşdirilmiş şəkildə təşkil edirdi”.

Eyyub Əliyev əlavə edib ki, bazarda təklif tələbi kəskin şəkildə üstələyib: “Bu vəziyyətin fonunda isə avtomobillərin satışı səngidi. Əvvəllər gətirilən maşını üç gün ərzində satıb mənfəət əldə etməyə öyrəşən investorlar gözlənilməz mənzərə ilə üzləşdilər. Yanvar ayında satışlar azaldı, fevralda demək olar ki, dayandı, mart ayından etibarən isə avtomobillərin bazar dəyəri kəskin şəkildə düşməyə başladı. Qiymətlərin enməsi investorları təşvişə saldı. Yatırdıqları sərmayəni geri götürüb bazardan çıxmaq və ya gələcəkdə daha ehtiyatlı addımlar atmaq istəyən investorlar satıcıları tələsdirməyə, maşınları hətta “maya dəyərinə” satmağı tələb etməyə başladılar. Nəticədə vəsaitləri qaytarmaq məcburiyyətində qalan satıcılar çətin vəziyyətə düşdülər. Çıxış yolu kimi heç bir gəlir əldə etmədən avtomobilləri təcili satmağa başladılar.

Hazırda bəzi nəqliyyat vasitələri hətta ötənilki qiymətlərdən də aşağı dəyərə təklif olunur ki, bu da bazarda unikal bir durğunluq mənzərəsi yaradıb. Ehtimal olunur ki, hazırkı avtomobil ehtiyatları tükəndikdən və ölkəyə yeni, rüsumla rəsmiləşdirilmiş partiyalar daxil olduqdan sonra qiymətlər yenidən tənzimlənəcək”. 

Oğuz Ayvaz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
11
azpolitika.info

10Mənbələr