AZ

Az yesək də: Pulumuzun çoxunu ərzağa xərcləyirik

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-mart ayları üzrə rəsmi məlumatlarına əsasən, Azərbaycan əhalisinin pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitlərin yarıdan çoxu ərzaq məhsullarının payına düşüb.

2026-cı ilin ilk 3 ayında əhali pərakəndə ticarət şəbəkəsində 15,9 milyard manatdan çox vəsait xərcləyib.

Bu məbləğin 8 milyard 774,9 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub. İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsullarının payına düşür.

Məlumata görə, bu, əhalinin gəlirlərinin yarısından çoxunun birbaşa gündəlik ərzaq ehtiyaclarına xərcləndiyini göstərir.

Əhalinin 8 milyard manat məbləğində vəsaiti ərzağa xərcləməsi gəlirlərinin az olmasından irəli gəlir, yoxsa əksinə, ölkədə bahalığın göstəricidir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a bildirib ki, ərzaq qidalanmada insanın birinci tələbatıdır və qida qəbul etməməsi mümkün deyil:

"Bu baxımdan da insanın daha çox bu sahəyə pul xərcləməsi bizim kimi kasıb ölkələr üçün normaldır. 

Yəni qazandığımızın yarıdan çoxu ərzağa xərclənir. Çoxmu yeyirik? Yox. Əhalisi 10 milyon olan ölkələrə baxsaq, məsələn, İsveçrədə əhali 47 milyard dollar ərzağa xərcləyir. Portuqaliyanı, Yunanıstanı götürsək, orada da 30-35 milyard avro, yəni 60 milyard manatdan çox vəsait xərclənir.

Əgər bizdə 8 milyard xərclənirsə, demək ki, bizim əhali çox da yemir. Əslində normal ölkələrlə müqayisə etdikdə az yeyir. Ancaq həmin ölkələrdə insanların qazancı qat-qat çoxdur. Onlar pullarının yarıdan çoxunu ərzağa xərcləmirlər.

Bizdə insanların gəliri az olduğu üçün az yediyimiz halda yenə də yarıdan çoxu ərzağa gedir. Bu ondan irəli gəlir ki, Azərbaycan kasıb ölkədir və ÜDM-də artıq Gürcüstan və Ermənistandan da geri qalmışıq.

Əhalinin gəlirləri az olduğu üçün bu qədər xərcləyir. Əslində ərzağa daha da çox xərcləmək olar.

Avropada qiymətlər bizdən baha da olsa belə, məsələn, 60 milyard manat onlar ərzağa pul xərcləyirsə, bizdən 8 dəfə fərqi var".    

Nigar Abdullayeva

"Cebheinfo.az"

Açar sözlər:

ərzaq Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
14
cebheinfo.az

10Mənbələr