Rusiyanın Sankt-Peterburq şəhərinin ən müasir təhsil ocaqlarından biri olan Krasnoselski 547 nömrəli tam orta məktəbdə AMEA-nın “Elm” Nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın təqdimatı keçirilib.
AMEA-dan verilən məlumata görə, səhnə əsəri təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən “Mir na ladoşke” teatr studiyasında, studiyanın rəhbəri, əlavə təhsil üzrə pedaqoq Marina Strelsovanın quruluşunda səhnələşdirilib.
Məktəb şagirdlərinin ifasında ərsəyə gələn səhnə işi Ümumdünya İncəsənət Gününə həsr olunmuş tədbir çərçivəsində nümayiş etdirilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, artıq beynəlxalq səviyyədə tanınan “Pis uşaqlar planeti” pyesi son illərdə Rusiyanın müxtəlif bölgələrində, o cümlədən Vıborq, Yamal və Omsk şəhərlərində, eləcə də Sankt-Peterburqun digər modern təhsil ocağı olan Nevski 707 nömrəli orta məktəbdə səhnələşdirilərək tamaşaçılara təqdim olunub.
Qabil YUSİFOĞLU
XQ