AZ

Avropada mühüm müzakirə: Azərbaycanın mina problemindən danışılıb  

Azərbaycanın Sloveniyadakı səfirliyi tərəfindən Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Sloveniyanın "ITF-İnsan Təhlükəsizliyinin Artırılması" təşkilatı ilə birgə Lyublyana şəhərində "Humanitar minatəmizləmə: partlayıcı təhlükələrdən azad bir dünyaya doğru" mövzusunda panel müzakirələri və fotosərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında səfir Rövşən Sadıqbəyli minaların yaratdığı təhlükənin regional və beynəlxalq sülh və təhlükəsizliyə təsirinə diqqət çəkib. Azərbaycanın dünyada minalar və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında yer aldığı, humanitar minatəmizləmənin Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu, 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi rəsmən elan edildiyi bildirilib.

Tədbir Sloveniyanın hökumət təşkilatı olan Avropa Perspektivi Mərkəzinin (CEP) nümayəndəsi Samo Selimoviçin moderatorluğu ilə keçirilən panel müzakirələri ilə davam edib.

ANAMA-nın İdarə Heyətinin sədrinin müavini Samir Poladov ölkəmizin üzləşdiyi mina probleminin miqyası, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən işlər, əldə edilən nəticələr və mövcud çətinliklər barədə tədbir iştirakçılarına ətraflı məlumat təqdim edib. Aparılan təmizləmə işlərinə baxmayaraq, mina partlayışları nəticəsində yüzlərlə insanın həyatını itirdiyi və ya xəsarət aldığı bildirilib. Ölkəmizdə humanitar minatəmizləmə fəaliyyətinə ayrılmış vəsaitin mütləq əksəriyyətinin daxili resurslar hesabına həyata keçirildiyi vurğulanaraq, humanitar minatəmizləmə sahəsində beynəlxalq dəstəyin və əməkdaşlığın artırılmasının vacibliyinə diqqət çəkilib.

“ITF-İnsan Təhlükəsizliyinin Artırılması” təşkilatının direktoru Tomaj Lovrençiç təmsil etdiyi təşkilatın fəaliyyəti və ANAMA ilə mövcud əməkdaşlığı, həyata keçirilən layihələr barədə məlumat təqdim edib, mina qurbanlarının cəmiyyətə reabilitasiya və reinteqrasiyası məsələlərinə diqqəti çəkib.

Tədbir çərçivəsində Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin direktorunun müavini, əməliyyatlar üzrə rəhbəri Rori Loqan, APOPO təşkilatında mina fəaliyyəti üzrə proqramlar rəhbəri Michael Heiman geniş təqdimatlarla çıxış edib və minatəmizləmə fəaliyyəti istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən Azərbaycan ilə əməkdaşlıq və həyata keçirilən layihələr barədə məlumat verib.

Panel müzakirələri zamanı humanitar minatəmizləmə fəaliyyətində əməliyyatların effektivliyini artırmaq və riskləri azaltmaq məqsədilə ənənəvi üsullarla yanaşı, qabaqcıl texnologiyaların tətbiqi, bu sahədə texnoloji irəliləyişlər ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Panel müzakirələrində sonra tədbir iştirakçıları Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi ilə tanış olub.

Seçilən
0
1
azerbaijan-news.az

2Mənbələr