ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentlər səviyyəsində Ukrayna ilə bağlı sülh danışıqları təşkil etməyə hazır olduğunu açıqlayıb. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
Bəs Türkiyədə Rusiya və Ukrayna liderləri səviyyəsində danışıqların təşkil olunması reallaşa bilərmi?
Redaktor.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyevin sözlərinə görə, Türkiyə hər iki ölkə ilə Qara dəniz üzərindən qonşu olduğundan Türkiyənin milli maraqlarındadır ki, bu müharibə tez bir zamanda başa çatsın və müharibənin sonu sülh yolu ilə həll edilsin:
"Çünki Türkiyə NATO ölkəsidir, Qara dənizdə çox güclü söz sahibidir. Rusiya-Ukrayna müharibəsinin eskalasiya ilə davam etməsi isə Türkiyənin maraqlarına ziddir. Çünki Qara dənizdə qeyri-stabillik Türkiyənin milli təhlükəsizliyinə ziddir. Türkiyənin həm Ukrayna ilə, həm də Rusiya ilə münasibətlərində güzəştə gedə bilməyəcəyi məqamlar var. Məsələn, Türkiyənin Rusiya ilə iqtisadi-ticari münasibətləri var. “Türk Axını” dediyimiz Qara dənizin dibi ilə olan qaz kəməri, hansı ki, Türkiyəni Avropa və digər Asiya arasında enerji təhlükəsizliyini təmin edən şəbəkəyə çevirib. Türkiyənin Rusiya ilə münasibətləri həm də imkan verir ki, Türkiyə Rusiya ilə Qərb arasında vasitəçilik rolunu oynasın. Eyni zamanda yadımıza salaq ki, Türkiyədə atom elektrik enerjisinin inkişaf etdirilməsi, atom elektrik stansiyasının tikilməsi ilə bağlı Rusiya-Türkiyə arasında çox ciddi əlaqələr var. Məsələn, "Akkuyu" atom elektrik stansiyasının tikilməsində Rusiyanın rolu var".
Millət vəkili Türkiyə ilə Rusiya arasında olan hərbi əməkdaşlıq məsələlərindən də danışdı:
"Vaxtilə Türkiyənin NATO ilə, Amerika ilə fikir müxtəlifliyi var idi. Amerika Türkiyəyə F-35 təyyarələrini satmırdı. Daha sonra Türkiyənin hava hücumundan müdafiə sistemi zəif olduğuna görə Rusiya ilə əməkdaşlıq məsələsi gündəmə gəldi və S-400 hava hücumundan, raket hücumundan müdafiə sistemi Rusiyadan alındı. Ankara və Moskva arasında 2015-ci il Türkiyədə baş verən hakimiyyət çevrilişinə cəhddən sonra münasibətlər daha da yaxınlaşmışdı. Bundan sonra bu əməkdaşlıq, mən hesab edirəm ki, hətta yüksək səviyyəli texnoloji hərbi məhsulların Rusiyadan alınması istiqamətində davam edib. Ancaq buna baxmayaraq heç vaxt Qərb və ya NATO, Amerika bundan məmnun olmayıb. Hətta Antalya Diplomatiya Forumunda sonuncu dəfə Türkiyədəki Amerika səfiri Tom Barraq da S-400 məsələsinə diqqəti çəkdi ki, o vaxtlar Türkiyə Rusiyadan S-400 aldı, ona görə F-35 qırıcı təyyarələri, ən yüksək texnologiya, sonuncu beşinci nəsil təyyarələr Türkiyəyə qismət olmadı, verilmədi. Ancaq o, ümid etdiyini bəyan etdi ki, ola bilsin ki, gələcəkdə bu ehtimal olsun və Türkiyə yenidən o proqrama qayıtsın. Ancaq biz hamımız çox gözəl bilirik ki, İsrail heç vaxt Türkiyənin F-35 proqramına qoşulmasına razı olmayacaq və dolayısı yolla Türkiyənin Rusiya ilə münasibətlərində bu texnoloji hərbi komponent həmişə Qərbi narahat edib, bundan sonra da edəcək".
Tural Gəncəliyevin fikrincə, Türkiyə Ukraynanın və NATO-nun da Qara dənizdə həddindən çox güclənməsində maraqlı deyil:
"Çünki balans qorunmalıdır. Türkiyə üçün həm bir növ çox güclü olmayan Rusiya lazımdır, həm də çox güclənən Ukrayna da lazım deyil. Ukrayna və Rusiya arasında müharibədə balans pozulmamalı və Türkiyənin milli təhlükəsizliyi qorunmalıdır. Rusiya qalib gəlsə, Rusiya həddindən artıq güclənəcək, Qara dənizdə hegemon qüvvəyə çevriləcək, NATO-Ukrayna zəifləyəcək və Türkiyə təhlükə altında qalacaq. Əlavə olaraq NATO Ukraynanın əli ilə Rusiya ilə savaşır. Eyni istiqamətdə də əksi olsa, yəni NATO qalib gəlsə, Rusiyanı məğlub etsə, onda Ukraynanın Qara dənizdə həddindən artıq güclənməsi yenə də Türkiyənin milli təhlükəsizliyinə zidd olacaq və Türkiyəyə təhlükə törədəcək. Ona görə hal-hazırkı belə balansın qorunması Türkiyəyə daha xeyirlidir və Türkiyə buna görə müharibənin məhz tam şəkildə tərəflərdən birinin məğlub olmaması kontekstində sona çatmasını istəyir. Hal-hazırda necədirsə, bax belə atəşkəs elan olunsun, müharibə bitsin. Ona görə bu, Türkiyənin belə bir milli təhlükəsizlik marağından irəli gəlir ki, balans pozulmasın. Ona görə də Türkiyəyə çox lazımdır ki, Ukrayna-Rusiya münasibətləri həll olunsun, müharibə dayansın. Çünki müharibə davam etdikcə yaxın gələcəkdə NATO-nun Rusiya ilə eskalasiyası, toqquşması qaçılmazdır. Hətta indidən artıq Almaniyada, Fransada, Polşada, Baltikyanı ölkələrdə Rusiya ilə toqquşma ssenariləri, Rusiya ilə NATO-nun yaxın bir-iki il ərzində açıq toqquşması, müharibə planları müzakirə edilir və bu xoşagəlməz bir haldır. Çünki Türkiyə NATO üzvüdür, belə bir müharibə kontekstində Türkiyənin neytral qala bilmək fürsətləri, imkanları günü-gündən azalır, eyni zamanda müharibə Türkiyəyə sərf etmir. Bu səbəbdən Türkiyə əlindən gələni edir".
Həmsöhbətimzin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında münasibətlər, Rusiya-Qərb münasibətləri, Avropa İttifaqı münasibətləri elə bir vəziyyətə gedib çatıb ki, burada hansısa bir problemin sülh yolu ilə, diplomatiya yolu ilə həll olma şansının olduğunu düşünmür.
"Ötən gün Rusiyanın Krasnodar əyalətində enerji infrastrukturuna, neft və qaz emalı zavodlarına endirilmiş böyük bir zərbə göstərir ki, hətta sülh danışıqları olsa belə, bu müharibədə çox böyük qüvvələr var ki, istər Avropa İttifaqı daxilində, istər NATO daxilində, istərsə də Rusiyanın daxilində qarşılıqlı zərbələr olacaq və bu müharibənin dayanmasına imkan verməyəcəklər. Xatırlayaq ki, 2022-ci ildə Rusiya və Ukraynanın birinci görüşləri də İstanbulda keçirilmişdi, ancaq o görüşlər nəticəsiz qalmışdı. Ona görə də mən bu məsələdə Ukrayna-Rusiya müharibəsi və dolayı yolla Ukrayna yox, Rusiya-NATO, Rusiya-Qərb qarşıdurmasının davam edəcəyini düşünürəm. Türkiyə və biz hamımız istərdik ki, bu müharibə Türkiyənin vasitəçiliyi ilə sona çatsın, ancaq bu məsələdə Yaxın Şərqdə olduğu kimi mən skeptik yanaşıram və bu müharibənin hələ davam edərək daha böyük eskalasiyaya səbəb olacağına və NATO-Rusiya toqquşmasına aparacağına mən əminəm", - deyə T.Gəncəliyev yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.