Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı, xəbərlər departamentində prodüser vəzifəsində çalışan Vüsal Qaraca tutduğu vəzifədən istefa verib.
News365.az xəbər verir ki, 32gun.az-a kanala yaxın mənbədən daxil olan məlumata görə, istefa ərizəsi kanalın sədri Rövşən Məmmədovun tələbi ilə yazılıb və dərhal rəhbərlik tərəfindən qəbul edilərək imzalanıb.
V. Qaracanın istefasına səbəb kimi iş yoldaşlarının 60 min manatdan çox vəsaitini mənimsəmə ittihamı göstərilir. İddialara əsasən, o, iş yoldaşlarının adına küllü miqdarda kreditlər götürüb və onları ödəməyib, bu da əməkdaşlar arasında ciddi narazılığa və münaqişəyə yol açıb. Məsələdən xəbər tutan sədr Rövşən Məmmədov dərhal V. Qaracanın vəzifəsindən uzaqlaşdırılması barədə göstəriş verib.
Məlumatlı mənbənin bildirdiyinə görə, Vüsal Qaraca və Rövşən Məmmədov arasında uzun illərə dayanan münasibət mövcuddur. Məlumata görə, Vüsal Qaraca Azərbaycan Universitetində tələbə olduğu illərdə, Lider TV-də çalışan və paralel olaraq həmin ali təhsil ocağında müəllimlik fəaliyyəti ilə məşğul olan Rövşən Məmmədovun tələbəsi olub. Məhz müəlliminin köməyi ilə V. Qaraca əvvəlcə Lider TV-də işə düzəlib. Rövşən Məmmədov AzTV-yə sədr təyin olunduqdan sonra özünün “ən yaxşı kadrı” hesab etdiyi V. Qaracanı da kanala dəvət edib. Vüsal Qaraca AzTV-də fəaliyyəti dövründə kanalın “mobil qrup”unun admini və xəbərlər direktorunun müavini kimi məsul vəzifələrdə çalışıb.
Qeyd edək ki, sayt həm kanala, həm də xəbərdə adı keçən Vüsal Qaracaya sual ünvanlasa da, cavab ala bilməyib.