Bakı şəhərinin Yasamal rayonunda yerləşən çoxmənzilli yaşayış binalarından birində ciddi yanğın və partlayış təhlükəsi ilə bağlı narahatedici iddialar səslənir. Söhbət Həsən bəy Zərdabi küçəsi 92A və 204A ünvanlarında yerləşən “ASP” MTK-dan gedir.
Musavat.com-a müraciət edən sakinlər bildirir ki, binanın zirzəmisi faktiki olaraq “partlayış anbarı”na çevrilib.
Sakinlərin sözlərinə görə, binanın -3-cü mərtəbəsində – zirzəminin ən alt qatında kondisionerlər üçün istifadə olunan freon və oksigen qazı balonları saxlanılır. Onların iddiasına əsasən, bu balonlar yaşayış binası üçün nəzərdə tutulmayan, təhlükəsizlik standartlarına cavab verməyən şəraitdə yerləşdirilib və bu da minlərlə sakinin həyatını real təhlükə qarşısında qoyur.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən aparılan yoxlama da sakinlərin narahatlığını təsdiqləyən məqamları üzə çıxarıb.
Rəsmi cavabda qeyd olunur ki, sözügedən ünvanda yerləşən “ASP” MTK-ya məxsus yaşayış binasının -3-cü mərtəbəsinə baxış keçirilən zaman “Nyukond” MMC tərəfindən avtomobil dayanacağının çıxışından cəmi 5 metr məsafədə oksigen balonlarının saxlanıldığı metal qəfəsin quraşdırıldığı aşkar edilib.
Araşdırma zamanı daha ciddi pozuntular üzə çıxıb. Belə ki, balonların üzərində istehsalçı zavodun əmtəə nişanı və seriya nömrəsi qeyd olunmayıb. Bundan əlavə, balonların təhlükəsiz istismarı üçün tələb olunan təsdiq edilmiş texniki təlimatın olmadığı, sertifikatlı xidmət heyətinin təyin edilmədiyi və ümumiyyətlə, saxlanma yerinin təsdiqlənmiş layihəsinin mövcud olmadığı müəyyən edilib.

Bununla yanaşı, anbarda yanğına qarşı avtomatik sistemlərin və qurğuların nasaz vəziyyətdə olduğu da aşkarlanıb. Bu isə birbaşa “Yanğın Təhlükəsizliyi Qaydaları”nın kobud şəkildə pozulması kimi qiymətləndirilib.
Aşkar edilən qanun pozuntuları ilə bağlı “Nyukond” MMC-nin məsul şəxsi Elçin Himbatov barəsində inzibati protokol tərtib olunub. Eyni zamanda, vəziyyətin aradan qaldırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinə də rəsmi müraciət göndərilib.
Sakinlər isə bildirirlər ki, problem hələ də həllini tapmayıb. Onların sözlərinə görə, MTK rəhbərliyi zirzəmini kommersiya məqsədilə icarəyə verib və həmin şirkət ərazidən qaz balonlarının saxlanılması üçün istifadə edir. Halbuki, bu cür maddələrin yaşayış binasında saxlanılması həm qanunvericiliyə, həm də elementar təhlükəsizlik normalarına ziddir.

“Bir qığılcım kifayətdir ki, bütün bina havaya uçsun” – deyə sakinlər narahatlıqlarını ifadə edirlər.
Məsələ ilə bağlı aidiyyəti qurumların hansı addımlar atacağı isə hələlik açıq qalır. Lakin mövcud vəziyyət onu göstərir ki, gecikən hər qərar yüzlərlə ailənin həyatını risk altında saxlamağa davam edir.
Şahanə Rəhimli,
Musavat.com