"Qarabağ" Misli premyer-liqasının 28-ci turunda "Sabah"a uduzdu - 0:1
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- "Sabah"ı təbrik edirəm. Onlara uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol atmosferi var idi. Əvvəlki oyunlar daha bolqollu olmuşdu. Bu gün də yaxşı mübarizə izlədik. Sonluqlar çatmadı. Daha yaxşı oynamalıydıq, daha yaxşı oynaya bilərdik. Əfsuslar olsun ki, bunu bacarmadıq. "Sabah" qalibiyyəti haqq etdi. Qarşıda sıx qrafik var. İrəli pozitiv notlarla baxmalıyıq. Komandanın əvvəlki istəyini, oyun intizamını qaytarmalııq. Bəzi oyunçuların performansında çatışmazlıq var idi. Məşqlər pis getmir. "Sabah"a, bizə uğurlar arzulayıram.
- Bəzi futbolçular meydanda sürüşürdü, Kadi, Zubir, Medina... Bu nəylə bağlı idi?
- Onlara deməmişdim sürüşəsiz (gülür). Bəlkə onlar olan yer sürüşkən idi. Daha möhkəm dayanmaq lazımdı.
- Elvin, Abbas və Mmae əvəzedici komandaya göndərilib. Növbəti oyun üçün rəqibləri analiz edirsiz. Bu qədər yüklənmənin fonunda bezdiyiniz, yorulduğunuz an olur? Özünüzü necə hiss edirsiz?
- Məşqçi olaraq yorulmağı düşünməli deyiləm. Bəli, bir az çatışmazlıqlar, gərginliklər var. Bunu səbəb olaraq demək istəmirəm. Amma Çempionlar Liqasında yaxşı nəticələr qazandıq. Futbolçular toparlana bilmədi. Sıx qrafik var idi. Sanki daha çox bir yerdə məşq etməyə ehtiyac var idi. Neçə aydı 3-4 gündən bir oyuna çıxırdıq. Oyun keyfiyyətimiz əvvəlki kimi deyil. Bu bizə mane olan tərəflərdən biridi. İllərboyu bu cür oynamışıq. "Sabah" daha aktiv, hazırlıqlıdı. Çempionatda get-gedə hamı bir-birini tanıyır. Bir komandaya qarşı bir neçə oyun keçirəndə ona qarşı daha inamlı olursan. Çempionatda komandalar öz qabiliyyətlərini yaxşılaşdırır. Biz çempionata istədiyimiz kimi hazır ola bilmədik. Sanki fikir ÇL-ə köklənmişdi. Hər iki cəbhədə öz oyunumuzu qoruyub-saxlaya bilmədik. Görünən odu ki, məndə yox, kollektivdə psixoloji olaraq yorğunluq var. Normal haldı. Çatışmazlıqları aradan qaldırmalıyıq.
- Elvini bağışlamaq olarmı?
- Hələ ki bilmirəm. Bu günə kimi bağışlaya-bağışlaya gəlmişik. Özümüz də bu yolu keçmişik, futbolçu kimi səhv etmişik, cərimələnmişik. Bundan nəticə çıxarmışıq. Oyunçular ayrı-ayrı düşünmürlər ki, bizi qarşıda hansı vacib oyunlar gözləyir... Məsələn, məğlubiyyətdən sonra yaşam tərzin necədi? Çox detallar var. İlk belə hal deyil. Bəzi oyunçuları cərimələmişik.
- Elvin demişdi ki, Qurban Qurbanov deyib düzəlməsən, səni komandadan göndərəcəm. Problemi nədi? Nəyə görə bu dəfə belə qərar verdiz?
- Sevindirici tərəfi odu ki, nə var onu danışıb. İstənilən futbolçumun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunun belə, gələcəyini düşünmüşəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş vaxtı olur. Onda futbolçu daha möhkəm, xarakterli olmalıdı. Elvin ÇL-də turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm ki, bir oyun o demək deyil ki, missiyan tamamlandı. Bura "Qarabağ"dı. 1-2 oyun udursan, bir xal sənə mane olur. ÇL-də 3 oyun yaxşı oynamısansa, vacib matçda intizamsızlıq etməlisən? Bağışlanmağa gəlincə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün. Bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı "Qarabağ"dısa, buna göz yuma bilmərik. Cəzalar klubdaxilidi. Futbol elə oyundu ki, sabit olmaq lazımdı. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özləri ilə bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədi? ÇL-dəki uğurları düşünərək çempionatı yola verməli deyilik. Bu gün oyundan razı qalmadım. Bu oyun üçün birlikdə 4-5 məşq etmişdik. Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm.
- Mmae məxsus olduğu kluba qayıdıb?
- Onu əvəzedici heyətə göndərmişdik. Klubu ilə razılığa gəliblər. Razılığa gəldik ki, bizim əvəzedici heyətdə məşq etməyə də bilər. Qarşılıqlı imza atılıb ki, bir-birimizə etirazımız yoxdu.
- "Sabah"la kubok oyunundan nə gözləyirsiz?
- Böyük ehtimalla dəyişikliklər böyük olacaq. Çox hazırlıqlı komandaya qarşı oynayacağıq. Sona qədər mübarizə aparacağıq.
- "Qarabağ"ın çempionluğu əldən verməsi azarkeşlərin etirazına səbəb olub. Əsasən, sosial şəbəkələrdə...
- Etiraz eşitmədim. Sosial şəbəkələrdə kimin yazdığı bilinmir. Xeyli azarkeşimiz xeyli var. Stadiona gələn də var, gəlməyən də. Daim yanımızda olan azarkeşlər var. Mənə neqativ bir şey gəlib çatmayıb. Azarkeşlər böyük təcrübəyə sahibdi. Onların baxış bucağı fərqlidi. Bilirlər ki, 3-4 il uğur varsa, sonra hansısa dəyişiklik ola bilər. Etiraz varsa, bu da normaldı. Hansısa fikir bildirmək niyyətində deyiləm. Hamısı özümüzkülərdi.
- Bir neçə gün əvvəl doğum gününüz oldu. Özünüzə nə arzu etdiz?
- Doğum gününə görə özümə nəsə arzu etmirəm. Həmişə Allahıma şükür etmişəm ki, dünyaya gəlmişəm, yaşayıram. Həmişə sağlamlıq arzulayıram.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta