BAKI, TurkicWorld
Enerji sektorunda əsas əməkdaşlıq sahəsi Mərkəzi Asiyanın enerji sistemlərini Azərbaycan vasitəsilə Avropa ilə birləşdirməyi yönələn "Yaşıl Enerji Dəhlizi" layihəsidir.
TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər nazirinin müavini Müzəffər Mədrahimov Antalya Diplomatiya Forumunda panel müzakirəsi zamanı bildirib.
"Günəş, külək və su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerjinin, eləcə də yaşıl hidrogenin inkişafı regional əməkdaşlığın prioritet sahələrindən biridir. Həyata keçirilən və planlaşdırılan təşəbbüslər Özbəkistanı və bütövlükdə Orta Asiyanı Avrasiya üçün əsas enerji mərkəzinə çevirmək potensialına malikdir. Bu sahədə əsas layihə Mərkəzi Asiyanın enerji sistemlərini Azərbaycan vasitəsilə Avropa ilə birləşdirməyi hədəfləyən "yaşıl enerji dəhlizi"dir", - deyə o qeyd edib.
Xatırladaq ki, 2025-ci ilin aprel ayında Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji dəhlizi"nin Mərkəzi Asiyaya genişləndirilməsi imkanını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Bu layihənin həyata keçirilməsi regionun bərpa olunan enerji resurslarının, əsasən günəş və külək enerjisinin Azərbaycan vasitəsilə Avropa İttifaqının enerji sisteminə qoşulmasına imkan verəcək.