AZ

İnsanlarda motivasiya niyə azalır? - Psixoloq açıqladı

Son illər insanlar arasında motivasiya itkisi, daimi yorğunluq və həyata qarşı həvəssizlik halları daha çox müşahidə olunur.

Bu vəziyyət təkcə gündəlik streslə bağlı deyil, həm də daxili narahatlıqlar, gələcək qorxusu, özünü reallaşdıra bilməmək hissi və sosial təzyiqlərlə əlaqəli ola bilər. 

Xüsusilə sosial medianın yaratdığı müqayisə mühiti bir çox gəncdə özünü yetərsiz hiss etməyə, özgüvənin azalmasına və məqsədlərdən uzaqlaşmağa səbəb olur.

Bəs daimi yorğunluq və həvəssizlik hissi sadəcə stresdən qaynaqlanır, yoxsa daha dərin psixoloji problemlərin göstəricisi ola bilər?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insanlar ilk olaraq motivasiyanın reallığını bilməlidirlər:

“Hər kəs motivasiya haqqında danışır, amma mahiyyət bəlli deyil. Motivasiya insana xəyanət edən anlayışdır. İşin başlanğıcında olan həvəsləndirici düşüncələr, sonra reallıqla toqquşur. Bu zaman şəxsdə depressiv hal yaşanır.

Reallığını unutmuş şəxslərin uğurlar əldə etməsi təsadüflərə bağlıdır. Həyatında məcburiyyət və davamlılıq yoxdursa, hansısa məqsədi reallaşdırmaq olmaz. Yorğunluq və stres insanın şəxsi, iş və sosial həyatını məhdudlaşdırır. 

İnsan bezə bilər, amma bezməyinin fərqindədirsə, səbəblərini də aydın başa düşəcək. Əks halda insan düşdüyü halı analiz edə bilməyəcək. İnsanın düşüncə və davranışlarında adekvat olmayan ifadələr varsa, psixi sağlamlıq mütəxəssisinə müraciət edilməlidir.

Sosial media insanlara fərqli və xoşbəxt həyat nümayiş etdirir. İnsanlar düşünür ki, kimlərsə xoşbəxtdir və xoşbəxt olduğu üçün sosialdır. Rəqəmsal dünya insanların həqiqətlərini gizlədə bilir. İnsan özünü görmək istədiyi kimi təqdim edə bilir. Ən yaxşı halını göstərmək özünü xoşbəxt etməsə də, süni şəkildə beyində dopamin ifraz edir. Dopamin hər zaman insanı aldadır.

Başqalarının həyatından dərs çıxarmaq əvəzinə, başqalarının həyatında var olmaq istəyi insanı olduğu kimi qiymətləndirmir. Müqayisə sağlam olmalıdır. Proses müqayisə olunmalıdır, nəticə yox. Filankəs bunu yaşayır, mən niyə yaşamıram düşüncəsi ilə insan özünü sağlam tuta bilməz. Beyin əziyyət çəkməyi sevmir, ona görə də əziyyəti çətin kimi təqdim edir”.

Psixoloq qeyd edir ki, insan öz kimliyini resursları ilə çərçivələndirsə, daha sağlam düşüncəyə sahiblənəcək. Sağlam düşüncə sağlam həyat deyil, sağlam düşüncə davamlı hərəkətdir.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr