AZ

Müharibə qoxusu gəlir? – SEPAH-ın qərarı regionu alovlandıra bilər  

İranın əsas güc strukturlarından olan SEPAH Hörmüz boğazında keçidin məhdudlaşdırıldığını açıqlayıb. Qərargah sözçüsü İbrahim Zülfüqari bunu ABŞ-ın bölgədəki dəniz blokadasına cavab kimi izah edib və bildirib ki, Vaşinqton geri çəkilməyənə qədər bu vəziyyət davam edəcək.

Bundan əvvəl isə İranın xarici işlər naziri Abbas Əraqçı boğazın açıq olduğunu demişdi. Bu ziddiyyət Tehranda ya koordinasiya problemini, ya da məqsədli “ikili mesaj” siyasətini gündəmə gətirir.

Bəs SEPAH ilə Xarici İşlər Nazirliyi arasında bu cür ziddiyyətli açıqlamalar nə ilə izah oluna bilər?

 

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Musavat.com-a danışıb:

"Hər zaman deyirik ki, İranda hakimiyyət boşluğu var, hakimiyyət xaosu var. Hələ bir az da dərinliyinə getsək, “at izi it izinə, it izi at izinə qarışıb”. Kimin rəhbər, kimin idarəedici və kimin onun tabeliyində olduğunu ayırd etmək mümkün deyil. Ciddi hakimiyyət intriqaları gedir. Birincilik uğrunda ciddi mübarizə gedir. Bu günə qədər İranı fəlakətlərə gətirib çıxaran da elə bu hakimiyyət boşluğu olub.

Hörmüz boğazı dənizin bir hissəsidir, İran orada özbaşına istədiyi qaydaları qoya bilməz. Üstəlik, bu məsələ ABŞ və İsraillə müharibəyə gətirib çıxaran amillərdən biridir. Yaxın Şərq ölkələrinin də hamısı buna etiraz edir. İndi bu etirazlara məhəl qoymadan ölkəni yenidən qarşıdurmalara söykəməyin nələrə gətirib çıxaracağını bunlar düşünürlərmi? Ölkəni hansı vəziyyətə gətirib çıxarıblar, amma hələ də onlara “dur” deyən yoxdur.

Müharibədən çıxmaq üçün yaxşı perspektivlər açılıb, buna razılıq verilib, amma sonra SEPAH-dan bu cür açıqlama verilir. Hər halda, xarici işlər nazirinin bu açıqlamadan xəbəri və ya səlahiyyəti sual altındadır. Bu, yenidən qızışdırmağa çalışmaqdır, bu isə axmaqlıqdır, İran xalqının və dövlətinin taleyinə biganə yanaşmadır".

Qabil Hüseynli qeyd edib ki,  SEPAH bununla növbəti müharibə ritorikasını ortaya atır. Amma politoloq hesab edir ki, bunun hər hansı ciddi təsir gücü olmayacaq:

"İranın parlament sədri var, ölkənin prezidenti var. Prezident bir yana, ikinci-üçüncü dərəcəli şəxslər çıxıb hökumət adından fərman verir, dünyaya mesajlar ötürür və s. Bu səbəbdən İran haqqında birmənalı fikir söyləmək çətindir.

Hesab etmirəm ki, bu açıqlama müharibəyə səbəb olacaq. O adam hər kimdirsə, ona lazımi cavab veriləcək və sülh danışıqları da öz yolu ilə davam edəcək".

 

Xalidə Gəray
Musavat.com

Seçilən
21
2
musavat.com

3Mənbələr