Çempionşipdə mübarizə aparan “Koventri Siti” 2026/2027 mövsümündən etibarən İngiltərə Premyer Liqasında çıxış edəcək.
Arena.az xəbər verir ki, ötən gün növbəti mövsüm üçün İngiltərə Premyer Liqasına vəsiqə qazanmış ilk klub müəyyənləşib.
Koventri Çempionşipin 2025/2026-cı illər mövsümünün 43-cü turunda “Bləkbörn”lə heç-heçə edib və xallarının sayını 86-ya çatdırıb. Nəticədə bu komanda mövsümün sonuna 3 tur qalmış 3-cü yerdəki “Milluol”u 13 xal qabaqlayıb.
Bununla da Frenk Lempardın rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasına vəsiqəni rəsmiləşdirib. Nəticədə Koventri təmsilçisi 25 il sonra ilk dəfə elitada mübarizə aparmaq hüququ qazanıb.
Xatırladaq ki, “Koventri Siti” Çempionşipin cari mövsümündə keçirdiyi 43 oyunda 25 qələbə qazanıb, 11 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. “İpsviç Taun” 75 xalla ikinci, “Milluol” 73 xalla 3-cüdür. “Sauthempton” və “Midlsbro”nun 72, “Hall Siti”nin 68 xalı var.
