"Bloomberg" agentliyinin yaydığı məlumata görə, Avropa İttifaqı (Aİ) öz tarixində ilk dəfə olaraq ABŞ-ın iştirakı olmadan, tamamilə NATO standartlarına uyğun irimiqyaslı hərbi və diplomatik təlimlərə start verir.
Musavat.com xəbər verir ki, bu təlimlər Vaşinqtonun alyansdan uzaqlaşma ehtimalı və Avropanın "strateji muxtariyyəti"nin sınağı kimi qiymətləndirilir.
Təlimlərin əsas məqsədi Aİ Müqaviləsinin 42.7-ci maddəsini (qarşılıqlı yardım mexanizmi) sınaqdan keçirməkdir. Bu maddə hər hansı bir Aİ ölkəsinə silahlı təcavüz olarsa, digər üzv dövlətlərin "əllərində olan bütün vasitələrlə" yardım etməsini nəzərdə tutur.
Proses ilk olaraq Brüsseldə Aİ səfirləri səviyyəsində qərar qəbul etmə simulyasiyası ilə başlayacaq. İkinci və həlledici mərhələ isə may ayında Kiprdə keçiriləcək müdafiə nazirlərinin görüşündə baş tutacaq.
Kipr hadisələrinin təsiri: Mayın əvvəlində Kiprdəki Britaniya hərbi bazasına edilən PUA hücumundan sonra bu region təlimlər üçün strateji mərkəz seçilib. Avropa ölkələri artıq real təhdidlər qarşısında Vaşinqtonun "telefonu açmayacağı" ssenarisinə hazırlaşırlar.
"Avropa Ordusu"na doğru: İspaniya və Fransa kimi ölkələr artıq açıq şəkildə Aİ-nin öz ordusunu yaratmasının vaxtı çatdığını bəyan edirlər. "Bloomberg" qeyd edir ki, Avropa müdafiə şirkətlərinin səhmləri bu xəbərlərdən sonra rekord həddə (təxminən 50%) yüksəlib.
Ekspertlər bu təlimləri NATO daxilində "NATO əvəzedicisi" yaratmaq cəhdi kimi xarakterizə edirlər. ABŞ-ın Çinə fokuslanması və Trampın NATO-ya münasibəti Brüsseli təhlükəsizlik məsələlərini öz əlinə almağa məcbur edib.
Musavat.com