AZ

Supermarketlər kiçikləri niyə sıradan çıxarır?

Son vaxtlarda supermarket şəbəkələrinin sürətlə genişlənməsi, yeni filialların açılması və kiçik marketlərin bağlanması ilə bağlı xəbərlər diqqət çəkir.

Bu proses səssiz getsə də, əslində ölkə iqtisadiyyatında ciddi dəyişimin göstəricisidir.Bir vaxtlar hər məhəllənin özünü qarışıq mallar mağazası vardı. 

Nisyə yazdırmaq, satıcı ilə tanışlıq, yaxınlıq üstünlük sayılırdı. İndi isə supermarketlər endirim kampaniyaları, geniş çeşid, kartla ödəniş və 24 saat xidmətlə insanları özünə çəkir. Nəticədə kiçik sahibkar rəqabətdə geri qalır.

Əsas məsələ təkcə alış-veriş deyil. Bu dəyişiklik minlərlə kiçik ailə biznesinə təsir edir.

“Cebheinfo.az”-ın araşdırmasına görə, bir məhəllə marketi bağlananda təkcə obyekt yox, bir ailənin gəliri də azalır.

Eyni zamanda, supermarket şəbəkələri bazarda qiymətləri və tədarük sistemini müəyyən etməyə başlayır. 

Digər tərəfdən, supermarket şəbəkələrinin artması müasir ticarət sisteminin formalaşması deməkdir. Vergi ödəyicilərinin uçotu, məhsul nəzarəti, daha rahat xidmət kimi üstünlüklər də var. Yəni prosesin həm müsbət, həm mənfi tərəfləri mövcuddur.

Bəzi ekspertlər hesab edirlər ki, gələcəkdə kiçik marketlər tam olaraq yox olmayacaq, amma format dəyişəcək. Onlar ya xüsusi məhsullar satacaq, ya da xidmət üstünlüyü yaradacaq.

Azərbaycanda kiçik marketlərin azalması sadəcə ticarət dəyişikliyi deyil. Bu, insanların həyat tərzinin, alışqanlığının və iqtisadi münasibətlərinin dəyişməsidir.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr