AZ

Yağışdan sonra yollar niyə çökür?

ain.az, 525.az portalına istinadən məlumat verir.

"Güclü yağan yağış zamanı suyun düzgün istiqamətləndirilməməsi asfaltın alt qatlarına sızmasına səbəb olur. Nəticədə torpaq boşalır və yol örtüyü dayanıqsız hala gəlir. Bu baxımdan yeni yolların tikintisi zamanı bunlar nəzərə alınmalıdır. Eyni zamanda yolların mütəmadi texniki baxışı da vacibdir ki, potensial problemlər vaxtında aşkar edilsin". Bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Ekspertin sözlərinə görə, yollarda yığılan su da infrastruktur üçün əsas risk faktorlarından biridir. Bu, yol örtüyünü sıradan çıxarır. Məsələn, Bakı-Ələt və Hacıqabul istiqamətində yerləşən M2 magistralının bəzi hissələrində yolun istismar müddəti artıq başa çatıb. Birinci dərəcəli yollar üçün əsaslı təmir müddəti təxminən 16-17 il hesab olunur və bu müddət artıq bəzi istiqamətlərdə yetişib. Həmin istiqamətlərdə müəyyən işlər aparılsa da, bəzi hissələrdə əsaslı təmir hələ həyata keçirilməyib. Halbuki Lökbatandan Ələtə qədərki sahə ölkədə ən çox yüklənən yol sahələrindən biridir və alternativ marşrut yoxdur: "Son illərdə yol tikintisinin keyfiyyətində müəyyən irəliləyişlər müşahidə olunur. Xüsusilə, yük nəqliyyatına nəzarət məqsədilə elektron tərəzilərin quraşdırılması müsbət addımdır".

Rauf Ağamirzəyev vurğulayıb ki, hər yağıntı zamanı şəhərin fərqli nöqtələrində suyun yığılması müşahidə olunur. Bu nöqtələrdən biri də Sabunçu yol ötürücüsü və Sabunçu vağzalının qarşısıdır. Şəhərin digər ərazilərində də oxşar vəziyyət mövcuddur. Bu, ümumi sistemin bu suları qəbul edə bilməməsini göstərir və təkmilləşdirməyə ciddi ehtiyac olduğunu bir daha qabardır: "Yağıntılar zamanı su basan ərazilər mütləq şəkildə qeydə alınmalı, təhlil edilməli və növbəti mərhələlərdə nəzərə alınmalıdır. Heç bir nöqtə diqqətdən kənarda qalmamalıdır. Həm yağış, həm də qrunt sularının səviyyəsi və hərəkət istiqaməti daimi nəzarətdə saxlanılmalıdır. Digər mühüm məsələ isə şəhərin böyüməsi ilə bağlıdır. Əgər yaşayış sahələri genişlənirsə, onların altındakı infrastruktur da paralel şəkildə inkişaf etməlidir. Təəssüf ki, Bakı böyüyüb, amma onun altındakı infrastruktur eyni sürətlə böyüməyib. Bu gün yaşanan problemlər də məhz bunun nəticəsidir".

Ekspertin dediyinə görə, ölkədə yağış sularını effektiv şəkildə idarə edən sistem məhduddur. Mövcud kanalizasiya şəbəkəsi əsasən ötən əsrin 60-cı illərində qurulub. Bu müddət ərzində lazımi səviyyədə genişləndirilməyib. Bir çox ərazilərdə yağış suları məişət kanalizasiya sisteminə qoşulur ki, bu da intensiv yağıntılar zamanı ciddi problemlər yaradır. Əgər sistem adi yağışları belə çətinliklə idarə edirdisə, normadan artıq yağıntılar zamanı daha ağır fəsadlara yol aça bilir: "Problemin həlli istiqamətində dövlət proqramı çərçivəsində müəyyən addımlar atılır. Ötən ildən etibarən yeni kollektorların tikintisinə başlanılıb. Planlara əsasən, bəzi ilkin layihələrin gələn ilin sonuna, digərlərinin isə 2028-ci ilə qədər tamamlanması nəzərdə tutulur. Ümumi proqram isə 2035-ci ilədək planlaşdırılıb, ilkin nəticələri isə 2028-2030-cu illərdə görə biləcəyik".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
525.az

1Mənbələr