AZ

Heqset olmayan “İncil ayəsi”ni oxudu - Məsxərəyə qoyuldu

ABŞ-ın müdafiə naziri Pit Heqset qalmaqallı çıxışı ilə gündəmə gəlib. O, Pentaqonda keçirilən dini mərasim zamanı məşhur "Pulp Fiction" filmindən sitatı İncil ayəsi kimi təqdim edib.

Musavat.com xəbər verir ki, Heqset çıxışı zamanı guya Bibliyadan – xüsusilə “Ezekiel 25:17” ayəsindən oxuduğunu bildirib. Lakin onun səsləndirdiyi mətn əslində rejissor Kventin Tarantinonun filmində Semyuel L. Ceksonun canlandırdığı obrazın məşhur monoloquna uyğun gəlib.

Məsələ ondadır ki, həmin məşhur sitatın böyük hissəsi ümumiyyətlə Bibliyada yoxdur. Filmdə istifadə olunan “ayə” real dini mətndən yalnız qismən götürülüb, qalan hissə isə ssenari müəlliflərinin uydurmasıdır.

Hadisə Pentaqonda keçirilən ibadət mərasimində baş verib. Heqset həmin “ayəni” dua kimi səsləndirib və bu, qısa müddətdə sosial şəbəkələrdə geniş istehza ilə qarşılanıb.

Qeyd edək ki, Pit Heqset hazırda dünyanın ən böyük hərbi strukturlarından birinə – ABŞ Müdafiə Nazirliyinə rəhbərlik edir. ABŞ ordusunun aktiv şəxsi heyəti təxminən 1,3 milyon nəfər təşkil edir, ehtiyat qüvvələrlə birlikdə bu rəqəm 2 milyona yaxınlaşır. ABŞ-ın illik hərbi büdcəsi isə 800 milyard dollardan artıqdır və bu göstərici ilə dünya üzrə açıq fərqlə birinci yerdədir.

Belə nəhəng hərbi gücə rəhbərlik edən şəxsin dini mətnlərlə bağlı bu cür səhvə yol verməsi isə Qərb mediasında əlavə tənqid dalğası yaradıb. Bir çox şərhçilər bunu “ciddiyyət problemi” və “pop-kultura ilə dövlət məsuliyyətinin qarışdırılması” kimi qiymətləndirir.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
0
3
musavat.com

4Mənbələr