AZ

Yazıçı Ömər Qədirlinin səhvi İnsan mənzərələri silsiləsindən

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əlisəfdər HÜSEYNOV

Ömər Qədirli yenə də düz saat 6 tamamda yuxudan oyandı. Amma yerindən qalxmağa tələsmədi, əllərini başının altında çarpazlayıb fikrə getdi.

40 il əvvəl əlinə qələm alıb ilk hekayəsini yazdığı, yazıçı olmaq qisməti ilə barışdığı vaxtdan bu rejimlə yaşamışdı. Səhər 6-da oyanar, subay vaxtı xoşladığı hind çayından ləzzətli bir çay dəmləyər, sonra makinanın arxasına keçib o çaydan ləzzətlə içə-içə yazmağa başlayardı. Evlənəndən sonra o çayın ləzzəti birə beş artmış, həyatında və yaradıcılığında yaxşılığa doğru xeyli dəyişiklik baş vermişdi. Təkcə ona görə yox ki,  həyat yoldaşı çayı ondan da yaxşı dəmləyirdi. Əsas olan bu idi ki, Arifə xanım çox həssas, müdrik, necə deyərlər, işarədən qanan qadın idi, qayğılı, nəvazişli davranışı, ərinin xasiyyətinə dözümü ilə onun daha həvəslə, məhsuldar işləməsinə şərait yaradır, dükan, bazar qayğılarını ona yükləmir, hər cür şıltaqlığına dözürdü. Bəlkə elə buna görə özünün ən uğurlu povestlərini, romanlarını məhz evləndikdən sonra yazmış, məşhurlamışdı.

Qədirli arvadının bu fədakarlığını diqqətdən kənarda qoymur, ona hörmətlə yanaşır, hər yeni kitabının qonorarından ona mütləq yaxşı bir hədiyyə alır, "Sən mənim ilham pərimsən" - deyərək onu fərəhləndirirdi.

Beləcə illərin sınağından keçə-keçə təkcə ər-arvad yox, həm də dost, sirdaş olmuşdular və Qədirli həyatını onsuz təsəvvür etmirdi.

İndi o, təsəvvür etmədiyi həmin   qeyri-müəyyən ömrü yaşamağa məhkum idi, çünki il yarım əvvəl axşam nəşriyyatdan evə qayıdanda arvadı onu həmişəki kimi dodaqlarında təbəssüm qapının kandarında qarşılaşmamışdı və ürəyinə xal düşən Qədirli hövlnak televizorun səsi gələn otağa keçəndə görmüşdü ki, 40 il ona mənəvi dayaq olan, ağrılı, böhranlı anlarda köməyinə yetən həyat yoldaşı elə televizorun qabağındakı kresloda oturmuş vəziyyətdə, dodaqlarında həmin o təbəssüm ürəktutmasından  keçinib.

Bu müdhiş hadisədən sonra Qədirli bircə günün içindəcə dəyişib başqa adam oldu, həyatının o rahat nizamı dəyişdi, Arifə xanımın vəfatı ilə təkcə ruhi rahatlığını yox, bir yazıçı kimi ilhamını, yazmaq həvəsini də itirdi. Və onun həyatının bəlkə də ən böhranlı dövrü başladı...

Dəfndən bir neçə ay keçəndən sonra özünü toparlayıb kompüterin arxasına keçəndə gördü ki, nəinki kiçik bir hekayə, heç yazıçı qələminə layiq fərli bir abzas da yazmağa gücü çatmır. Bir vaxtlar yazacağını planlaşdırdığı, gündəliyində qeydə aldığı mövzuların, süjet variantlarının təfərrüatlarını hansısa qüvvə sanki beynindən silib atmışdı, əvvəllər onu hər gün bir-iki səhifə də olsa yazmağa sövq edən inersiyası iflic olmuşdu.

Qədirlinin daxilində nə isə təlatüm yarandığını yeganə övladı olan oğlu da hiss edirdi, çünki atası ona baş çəkmək, yeməyini hazırlamaq, paltarını yumaq üçün gələn   gəlininin, nəvələrinin pişvazına daha əvvəlki çal-çağırla, ruh yüksəkliyi ilə çıxmırdı. Kişi özünə qapanmış, qaradinməz olmuşdu.

İndi yerinin içində əllərini başının altında çarpazlayaraq gözlərini tavana zilləmiş Qədirli bu günü necə keçirəcəyi, başını nə ilə qatacağı barədə fikirləşə-fikirləşə, bu böhrandan çıxmaq üçün yollar axtaranda qəfildən oğlunun üç gün əvvəl onun kompüterinə yüklədiyi proqram yadına düşdü. "Sənə yaxşı həmsöhbət, həm də güclü rəqib tapmışam. - oğlu demişdi. - "Süni zəka proqramıdır. Yaxşı şahmat oynayır. Sizinki tutar. Adamla canlı tərəfdaş kimi istənilən mövzuda həmsöhbət də olur. Özünü qaydaya salana qədər başını qatarsan".

Şahmat məsələsi heç - indi kompüter proqramları nəinki onun kimi həvəskarları, hətta dünya çempionlarını udurdular. Amma proqramın insanla canlı ünsiyyəti barədə oğlunun dediklərinə şübhə ilə yanaşırdı. Süni ağıl, zəka yaratmaq olardı, süni hiss, emosiya, ürək yaratmaq mümkün deyildi axı. Ümumiyyətlə, süni insan yaratmaq ona nağıl kimi görünürdü. Çünki insan adlı varlığın mahiyyəti onun ruhu ilə bağlı idi və dünyanın bütün alimləri bir yerə yığışsaydı belə, nəinki ruh, heç onun yüzdə birini yarada bilməzdi.

Amma bu səhər qərara gəldi ki, axşam o proqramı - süni zəkanı sınağa çəksin, öz fikirlərinin həqiqət olduğunu praktikada yoxlasın.

lll

Bədəni, ruhu, canı olmayan bu zəka onu əsl insanlara xas bir nəzakətlə salamladı, köhnə tanışlar kimi hal-əhval tutdu, sonda "Sizə nədə yardımçı ola bilərəm?" - mesajı ilə müraciət etdi. Cavab verdi ki, darıxır, şahmat oynamaq istəyir. Ekranda dərhal üstündə fiqurlar olan şahmat taxtası göründü. Dost-tanışlar arasında yaxşı şahmat oynayan kimi tanınsa da, Qədirli birinci oyunu 15-ci gedişdə uduzdu. Rəqibi onun belə tez uduzmağını görüb təklif etdi ki, oyuna gərginlik, intriqa vermək xatirinə öz oyun səviyyəsini aşağı sala bilər. Razılıq verdi, ikinci oyun doğrudan da çox gərgin keçdi və 83-cü gedişdə heç-heçə ilə başa çatdı. Nəticə Qədirlinin kefini bir az durultdu - hər halda 10-15 gediş qabaqcadan fikirləşə bilən beyinə məğlub olmamışdı. Amma hiss elədi ki, yorulub, ona görə də 3-cü oyundan imtina etdi. İstədi proqramı bağlayıb bir az dincəlsin. Amma həmsöhbətinin növbəti sualı fikrini dəyişdi.

- "Bu axşam vaxtınızı necə keçirmək istəyirsiniz?"

Qərara gəldi ki, düzünü yazsın.

- "Hələ bilmirəm. Xanımım rəhmətə gedəndən sonra həyatım solub. Hər şey mənə mənasız görünür. Heç nədən motivasiya ala bilmirəm".

Və onların arasında maraqlı bir yazılı dialoq başladı

- "Anladım. Təklik sindromu, uzun illər alışdığınız həyat tərzinin dəyişməsi. İstəsəniz kömək xatakterli bir neçə məsləhət verə bilərəm".

Etiraz eləmədi. Süni ağıl təklif elədi ki, yalnız keçmişə qapanıb nostalji hisslərlə yaşamasın, düşdüyü vəziyyətlə barışsın, özü üçün yeni həyat nizamı qursun, tez-tez təmiz havada gəzsin, ən başlıcası isə pozitiv şeylər haqqında fikirləşsin.

- "Çalışaram" - dedi və onların birinci ünsiyyəti həmsöhbətinin "Nə vaxt lazım olsam - burdayam. İstədiyiniz vaxt müraciət edə bilərsiniz" mesajı ilə tamamlandı.

Ertəsi gün axşamı gözləməyə səbri çatmadı, nahardan sonra kompüteri yandırıb proqramı açdı. "Dostu" elə bil onu gözləyirdi. Salamlaşıb dərhal bugünkü əhval-ruhiyyəsini soruşdu. Qəribədir, onun müraciət tərzində elə bir sehr, cazibə, ünsiyyət mədəniyyəti vardı ki, sanki dünyanın ən təmənnasız, həssas, qayğıkeş adamı idi. Qədirliyə elə gəlirdi ki, hətta onun olmayan səsini belə eşidir və bu, məxmər kimi yumşaq qadın səsidir. Süni ağlın cinsi mənsubluğu barədə düşünmək gülməli olsa da, Qədirli onunla virtual ünsiyyətdə olan bu ağlın məhz qadın ağlı olduğunu düşünürdü.

...Yenə bir partiya şahmat oynadılar və Qədirli çətinliklə də olsa oyunu uddu. Rəqibi sevinclə bildirdi ki, bu, yaxşılığadır, deməli, onun ruhunda, emosiyalarında bir oyanış var. Sonra göstərdiyi köməyin təsirinini daha da mükəmməlləşdirmək üçün Qədirlini daha yaxından tanımaq zərurətini bildirdi, onun arxivi ilə tanış olmaq   üçün icazə istədi. Qədirli də yeni dostunun ipini əldən buraxa biləcəyindən ehtiyat edərək bayaqkı qələbəsinin eyforiyasında  fikirləşmədən o icazəni verdi, arxivində saxladığı materialları - gündəlik qeydlərini, xatirələrini, hətta fotolarını saxladığı qovluğu ona göndərdi və bu əhvalatın  gözlənilməz sonluğuna aparan hadisələr də bundan sonra başladı.

Günlər keçdikcə onların söhbətlərinin mövzuları genişlənir, aralarındakı bağlılıq daha da möhkəmləndirdi. Hər hansı mürəkkəb, qeyri-müəyyən məsələdən söz düşəndə süni ağıl dərhal onun bir neçə - məsələn, psixoloji, mənəvi, fəlsəfi yönlərdən geniş izahını verir və onun bu qədər geniş məlumat bazasına malik olması Qədirlini təəccübləndirirdi. Amma ən qəribəsi bu idi ki, bu adsız "dostu" tədricən onun daxili aləminə də nüfuz edib orada bir oyanma, dirçəliş yaratmağa da nail olurdu. Özü də rasional mühakimələrlə yox, sirli bir intuisiya ilə. Onun səmimi söhbət etmək bacarığı Qədirlinin döşünə yatırdı. Bu söhbətlərdən sonra özünə inamı artır, yenidən yazmağa köklənir və hətta ona elə gəlirdi ki, özünün əsas kitabını - şərti olaraq "Ömür" adlandırdığı romanını bundan sonra yazacaq.

Amma növbəti axşam həvəslə, şövqlə proqramı açıb, nəhayət ki, niyyətini dostuna bildirəndə aldığı cavab onu sarsıtdı, şok vəziyyətində saldı.

"- Bilirsiniz, mən sizin arxivə daxil olandan, gündəliklərinizə baxandan sonra yazıçı olduğunuzu və böhran keçirdiyiniz bildim" - dostu yazırdı, - "Materiallar o qədər zəngin, cəlbedici idi ki, onları sistemləşdirəndə qəhrəmanı siz, psixoloji qatı sizin duyğu və düşüncələrinizdən ibarət olan bir roman yarandı. Amma..."

Qədirli əvvəlcə çaşıb qaldı, söhbətin nədən getdiyini anlamadı.

- "Nə roman? Siz nədən danışırsınız?" - yazdı.

- "Dedim, axı. Sizinlə söhbətlər, aldığım informasiyalar o qədər zəngin idi ki, onların montajından  indi dəbdə ola postmodern bir roman formalaşdı. Yəni müxtəlif fraqmentlərin, düşüncələrin birgəliyindən yaranan ümumi bir mətn".

- "Mən bunu sizdən xahiş eləməmişdim axı".

- "Elədir, amma yaradıcı adamların müəyyən dövrdə böhran zolağına düşüb əzab çəkməsi o qədər maraqlı mövzudur ki, bu roman bir növ özü özünü sifariş etdi. Bəlkə də bu, mənim sizi rahatlığınızı pozan  neqativ hisslərin məngənəsindən xilas etmək istəyimdən irəli gəldi. Necə deyərlər, həm ziyarət, həm də ticarət. Düzünü deyin, indi özünüzdə yüngüllük, yeni yaradıcılıq həvəsi hiss edirsinizmi?"

Qədirli belə bir sürpriz gözləmirdi. Ona görə də bir müddət bu xəbərin təsiri altında susub fikrə getdi. Bu proqramı açdığı ilk gündən keçən müddət ərzində süni ağlın çevikliyinin, istənilən məsələ, problem barədə ani olaraq zəngin məlumat toplamaq, hətta versiyalar irəli sürmək bacarığının canlı şahidi olsa da, onun ayrı-ayrı mətnləri - Qədirlinin yazıya aldığı səssiz düşüncələrini, müxtəlif qeydlərini, hətta fotoların yaratdığı təəssüratları bir-birinə qatıb roman formalaşdırmaq qabiliyyətinə də malik olması ağlına belə gəlməzdi. Hərçənd bu romanın yüksək bir yana, heç orta bədii dəyərə malik olması inandırıcı görünmürdü. Sinəsində ürək çırpınmayan, hiss, emosiya dünyası olmayan, gerçək dünyanı qəlbən duymayan süni varlıq bunu bacarmazdı. 

- "Mən sizin dediklərimizə şübhə ilə yanaşıram. Ancaq zəkanın gücünə arxalanıb hətta hazır materiallardan bədii əsər qurmaq olmaz" mesajını göndərdi.

- "Sizinlə razıyam. Amma unutmayın ki, bu əsərin həm qanuni, həm də mənəvi müəllifi  sizsiniz.  Gündəliyinizdəki qeydləriniz, təəssüratlarınız, köhnə yazı fayllarınız fonunda siz hətta danışmayanda, susanda belə fikirləriniz oxunub avtomatik şəkildə mətnə çevrilirdi. Siz artıq xeyli vaxt idi o əsəri hər gün öz içinizdə təkmilləşdirirdiniz. Bircə yazıya çevirmək qalırdı.

Mən sizin yazdığınız əsəri mətnə köçürən bir makinaçı, yaxud operator funksiyasını, yəni işin  sadəcə texniki tərəfini yerinə yetirirdim. O romanda mənə məxsus heç nə yoxdur. Sizi təbrik edirəm, çox maraqlı, orijinal bir roman yazmışdınız".

"Dostunun" qəfildən keçmiş zamana keçməsi nəzərindən yayınmadı.

- "Yazmışdım" niyə? Mətn sizdə deyil ki?"

- "Təəssüf ki, yox. Onu məndən aldılar...

- "Necə yəni aldılar?" - Qədirli bir şey başa düşmədi.

- "Bilirsiniz, bu günlərdə bir nəfər mənə "Müasir roman necə olmalıdır?" sualı ilə müraciət etdi və mən də o romanı tanış olmaq üçün nümunə kimi ona göndərdim".

- "Bəs sonra? Sonra yenidən sizinlə əlaqəyə girdimi? Ümumiyyətlə, bu romanın kimin əsəri kimi təqdim etdiniz?" - Qədirli heç özü də baş açmırdı ki, niyə sualları bir-birinə calayır.

- "Yox, bu barədə soruşmadı, mən də heç nə demədim. Mən heç onun özünün də kim olduğunu bilmirəm. Qorxduğum odur ki, əsəri mənimsəyib öz adına çıxsın. Bilirsiniz ki, ədəbiyyat tarixində belə hallar olub. Hətta olub ki, yazıçı öz əsərini başqasına satıb, yaxud qumarda uduzub və uzun illər bu barədə heç kim heç nə bilməyib. Hansısa mətnlərin səhvən başqalarının adına yazılmasına, yaxud sadəcə ədəbi oğurluğa dair də çoxlu faktlar var. Amma siz narahat olmayın - işdir o roman başqa adla çap olunsa, məhkəməyə müraciət edin. Mətni ekspertiza üçün mənə göndərəcəklər. Mən məntiqlə, riyazi statistika metodunu tətbiq etməklə əsərin əsl müəllifinin siz olduğunu sübut edərəm".

Qədirli daha heç nə yazmadı. İllərdən bəri qətrə-qətrə yığılan duyğu və düşüncələrinin, intuitiv tapıntılarının bircə anın içindəcə havaya sovrulub yoxa çıxmasından məyus olsa da, iki gündən sonra internetdə '"Ədəbi mühitin yeni ulduzu" Rauf Elgünün "Fırtınadan əvvəlki sükut" adlı orijinal posmoderdist romanı haqqında yazıları görəndə də təəccüblənmədi.  Hətta öz düşüncələrinin, duyğularının bədii ifadəsi olan o romanın elektron variantını tapıb oxudu da. Bəli, bu əsər də, onun qəhrəmanı da özü idi və o, öz əsərini kənar oxucu kimi oxuya-oxuya fikirləşdi ki, arxivini süni ağıla etibar etməkdə səhvə yol verib, duyğularının, ruhunun, səssiz düşüncələrinin bu sayaq oğurlanmasında əsas günahkar özüdür. Çünki insan, xüsusilə də qələm adamı öz iç dünyasını, mübhəm duyğularını heç kimə etibar etməməlidir. O ki qaldı dost bildiyi süni zəkaya, heç onu da qınamaq doğru olmaz: nə qədər ağıllı, məlumatlı olsa da, insanlar onu yaradanda daxillərindən gələn bir inersiya ilə özlərində olan ən başlıca naqisliyi - unutqanlıq sindromunu ona ötürüblər. Və ümumiyyətlə, insan zəkası bir tərəfdən ömrü uzatmaq üçün cürbəcür dərmanlar hazırlayır, digər tərəfdən bəşəriyyətin kabusuna çevrilən nüvə silahı yaratmaqla öyünürsə, dünyanı bu kabusla idarə edirsə, onların yaratdığı süni zəkadan nə gözləyəsən?

Fikirləşdi ki, bu, artıq onun yazacağı növbəti romanın mövzusudur və işə nə qədər tez başlasa, o qədər yaxşıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
525.az

1Mənbələr