AZ

Həyət evlərinə maraq getdikcə azalır

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Son dövrlərdə subasma riski olan ərazilərdə baş verən yağışlar və daşqınlar daşınmaz əmlak bazarında yeni tendensiya yaradıb.  Eyni zamanda sosial şəbəkələrdə aparılan reklam kampaniyalarında “hər yeri su basdı, burada bir damcı da su yoxdur” kimi iddialar daha çox diqqət çəkməyə çalışır və bazar davranışına psixoloji təsir göstərir. Nəticədə həm real təhlükə qavrayışı, həm də marketinq yanaşmaları daşınmaz əmlak qiymətlərində fərqlənən dinamika formalaşdırır.Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, 2025-ci ilin dekabr ayından əmlak bazarında başlayan durğunluq yenə də davam edir:"Çıxarışı olan və ipotekaya yararlı mənzillərdə cüzi qiymət artımı olub. Biz əvvəlcədən düşünürdük ki, ipotekanın təsdiq olunması əmlak bazarına yeni nəfəs verəcək, amma bu gözləntiləri doğrultmadı. İpoteka təsdiq olunandan sonra da əmlak bazarında ciddi dəyişiklik baş vermədi. İnsanların əllərindəki vəsaiti əmlaka yatırmaq istəməməsi və ya qiymətlərin daha da enməsini gözləməsi ehtimal olunur.Su basan ərazilərdə evlərin qiymətlərinə gəldikdə, əsasən bu zonalarda həyət evləri tikilib. Həyət evlərinə son 1–2 ildə alıcı marağı azdır. Bunun səbəbi bir qismində sənəd probleminin olması, digər qismində isə kanalizasiya, su və işıq kimi kommunikasiyalara qoşulma çətinliyidir. Bu səbəblərdən həyət evlərinə maraq getdikcə azalır".Ekspertin sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da əmlak bazarı özü-özünü tənzimləyir:"Alıcı çox, satıcı az olduqda qiymətlər artır, əks halda azalır. Məsələn, satmaq istəyən şəxs alıcı tapmadıqda qiyməti endirir. Bunu görən digər satıcılar da qiymətləri aşağı salır və nəticədə rəqabət formalaşır, bu da qiymətlərin enməsinə səbəb olur.2026-cı il əmlak bazarı üçün uğurlu il sayılmır. İlin sonuna qədər vəziyyət dəyişə bilər, amma hazırda bazar sakitdir. Əvvəllər ayda 200–300 alıcı bazara daxil olurdusa, indi bu rəqəm birrəqəmli səviyyəyə enib. Daşınmaz əmlak bazarında durğunluq davam edir və bunun nə qədər sürəcəyi hələlik qeyri-müəyyəndir. İpoteka da bazara ciddi təsir göstərə bilmədi. Hazırda əmlaka investisiya etmək istəyənlərin sayı xeyli azdır", - deyə o qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
demokrat.az

1Mənbələr