AZ

Buraxılış imtahanında yüksək bal toplayan şagird: Hədəfim hüquq fakültəsinə qəbul olmaqdır

Bakı, 17 aprel, AZƏRTAC

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahanda ən yüksək nəticə göstərənlərdən biri də ADA Məktəbinin ingilis bölməsi üzrə məzunu Mikayıl Fərəcovdur. O, maksimal, yəni, 200 bal toplayıb. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları iki fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və bu kateqoriya üzrə maksimal bal 200-dür.

Təəssüratlarını AZƏRTAC-la bölüşən Mikayıl bildirib ki, imtahana hazırlıq prosesində əsas diqqəti məktəb dərslərinə yönəldib və gündəlik praktiki tapşırıqlar üzərində işləyib. Onun sözlərinə görə, uğurunun əsas səbəbi sistemli hazırlıq və müəllimlərinin tövsiyələrinə əməl etməsi olub.

Gələcək planlarından danışan Mikayıl qeyd edib ki, özünü prokurorluq sahəsində görür və bu istiqamətdə təhsil almaq üçün ADA Universitetinin hüquq fakültəsinə qəbul olmağı hədəfləyir. O, bakalavr təhsilini Azərbaycanda, magistr təhsilini isə xaricdə davam etdirməyi planlaşdırır: “Digər abituriyentlərə tövsiyəm odur ki, müəllimlərinə diqqətlə qulaq assınlar və mütləq şəkildə praktiki çalışmalar etsinlər”.

Qeyd edək ki, Mikayıl Fərəcov 2024-cü ildə FISO beynəlxalq ingilis dili olimpiadasında iştirak edərək Dubayda keçirilən final mərhələsinin qalibi olub.

Seçilən
21
azertag.az

1Mənbələr