AZ

Bakıda tikinti biznesinin iç üzü: “Bir milyona yaxın istehlakçı...”

Son illərdə şəhərdə yeni tikilən binaların sayı sürətlə artır.

Hər tərəfdə yeni yaşayış kompleksləri, hündür binalar görmək mümkündür. İnsanlar da bu evləri alıb köçür, yeni və rahat şəraitdə yaşamaq istəyirlər.

Lakin bir çox hallarda həmin binalar təhvil verildikdən qısa müddət sonra sakinlər müxtəlif texniki problemlərlə üzləşirlər. Divarlarda çatlar, su sızmaları, lift nasazlıqları və istilik sistemindəki fasilələr artıq adi şikayətlərə çevrilib.

Bəs niyə bəzi yeni binalar təhvil veriləndən az sonra ciddi texniki problemlər göstərir? Sürətli tikinti modeli keyfiyyətin azalması hesabına həyata keçirilirmi?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, kağız üzərində bütün nəzarət mexanizmləri mövcud olsa da, praktikada vəziyyət fərqli olur:

Elnur

Bəzən şirkətlər binanı tikib başa çatdırdıqdan sonra ilk illərdə onu özləri istismar edir və bundan kifayət qədər gəlir əldə edir. Lakin 5–10 ildən sonra istismar xərcləri artdıqda binanı sakinlərin ixtiyarına verməyə çalışır. Halbuki qanunla bu proses dərhal həyata keçirilməlidir".

Onun sözlərinə görə, bu müddət ərzində binada təbii və qeyri-təbii aşınmalar başlayır və texniki problemlər yaranır:

"Əslində vətəndaşlar binanı vaxtında istismara qəbul etdirməli və idarəçiliyi öz üzərlərinə götürməlidir. Çünki qanun bunu 6 ay ərzində tələb edir.

Ancaq çox vaxt bir neçə il keçdikdən sonra sakinlər təşəbbüs göstərir və artıq aşınmış vəziyyətdə olan binanı tikinti şirkətindən təhvil alır. Bu isə onunla bağlıdır ki, ölkədə bina idarəçiliyi sahəsində vətəndaşların demək olar ki, təcrübəsi yoxdur".

Ekspert qeyd edib ki, idarəetmə təşkilatlarının sayı çox azdır:

"Bu sahə kölgədə qalır, nəticədə komendant özbaşınalığı geniş yayılır və hüquq, eləcə də əmlak qanunvericiliyinin pozulması halları müşahidə olunur. Ümumilikdə bazarın demək olar ki, 99 faizində müxtəlif formada qanun pozuntusu mövcud olur.

Bir milyona yaxın istehlakçı bu problemlərlə üzləşir. Çünki Azərbaycan əhalisinin 10 faizdən çoxu çoxmənzilli binalarda yaşayır. Vətəndaşlar bu vəziyyəti qanuniləşdirməyə çalışsa da, təcrübə çatışmazlığı səbəbindən artıq texniki qüsurları olan binaları qəbul etməli olur.

Əslində tikinti şirkətləri bina təhvil verilərkən onun bütün nöqsanlarına zəmanət verməlidir, lakin praktikada bu tam şəkildə təmin olunmur. Ölkədə 2 500-dən artıq çoxmənzilli bina mövcuddur, amma onların cəmi 5–10 faizində qanunvericiliyin tələbinə uyğun müştərək cəmiyyət yaradılır və hətta bu cəmiyyətlərin olduğu yerlərdə belə qanun pozuntuları qalır".

​​​​

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr