AZ

Memar, dizayner Aysel Hüseynova: “WUF memarlıq və şəhərsalmanı gələcək haqqında spekulyativ düşüncəyə açır”

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və urbanizasiya problemlərinin müzakirə olunduğu beynəlxalq platformadır. Bu forum şəhərlərin daha yaşana bilən, ekoloji dayanıqlı və inklüziv inkişafı üçün təcrübə və ideyaların paylaşılmasına imkan yaradır.Bəs WUF memarlıq və şəhərsalma təcrübəsinə necə təsir edir?

Memar, dizayner, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Aysel Hüseynova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər şəhər öz mədəni kodları, sosial strukturu və yaddaşı ilə unikaldır: “WUF kimi qlobal platformalar şəhərsalmanı yalnız funksional və texnokratik bir fəaliyyət kimi deyil, insan təcrübəsinin təşkil olunduğu bir səhnə kimi təqdim edir. Bu forumda müzakirə olunan ideyalar memarlığın məqsədini dəyişir: artıq məsələ yalnız bina tikmək deyil, məkan vasitəsilə həyatın keyfiyyətini formalaşdırmaqdır. Fəlsəfi baxımdan yanaşsaq, burada şəhər bir “obyekt” olmaqdan çıxır və “proses”ə çevrilir. Bu, xüsusilə fenomenoloji yanaşma ilə səsləşir: məkan artıq yalnız fiziki ölçülərlə deyil, işıq, səs, hərəkət, yaddaş və emosiyalarla dərk olunur. WUF bu baxımdan memarları və urbanistləri daha həssas düşünməyə çağırır.

Başqa tərəfdən, forum qlobal təcrübələri bir araya gətirərək, bizə göstərir ki, universal həll yolu yoxdur. Hər şəhər öz mədəni kodları, sosial strukturu və yaddaşı ilə unikaldır. Bu isə memarlıqda daha çox yerə bağlılıq (genius loci) anlayışını ön plana çıxarır.

Eyni zamanda WUF şəhərləri etik müstəviyə daşıyır. Artıq sual belə qoyulur:

– Bu məkan kimin üçündür?

– Kim bu şəhərdə görünür, kim isə görünməz qalır?

Bu isə inklüzivlik, sosial ədalət və bərabər çıxış kimi anlayışları memarlığın mərkəzinə gətirir".

Aysel Hüseynova əlavə edib ki, WUF memarlıq və şəhərsalmanı gələcək haqqında spekulyativ düşüncəyə açır. Bu forumlar bizə yalnız mövcud problemləri həll etməyi deyil, həm də “necə bir şəhərdə yaşamaq istəyirik?” sualını verməyi öyrədir”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
bizimyol.info

1Mənbələr