ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Prezident İlham Əliyev hazırda Antalya Diplomatik Forumda iştirak edir. Forum çərçivəsində İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb və onu Azərbaycana səfərə dəvət edib.
Azərbaycan-Suriya münasibətlərini Redaktor.az-a şərh edən deputat Tural Gəncəliyev bildirdi ki, İlham Əliyevin Antalya Diplomatik Forumunda builki iştirakı da, keçən illərdə olduğu kimi, çox maraqlı görüşlərlə, maraqlı tədbirlərlə yadda qalacaq:
"Hesab edirəm ki, artıq məlum olduğu kimi ikitərəfli görüşlər, xarici ölkə nümayəndələri ilə görüşlər nəzərdə tutulur, artıq keçirilir. Bildiyiniz kimi, Antalya Diplomatik Forumu hazırda dünyanın qlobal diplomatik platformasına çevrilib və bu platforma, bu diplomatiya forumu dünyanın siyasi və qlobal liderlərinin hazırda demək olar ki, regionda və dünyada baş verən geosiyasi problemlər kontekstində üzləşdiyi ən önəmli bir siyasi tədbir kimi nəzərə çarpır. Beləliklə, biz onu qeyd edə bilərik ki, cənab prezident, məsələn, Suriya liderini ölkəyə dəvət etmişdir. Bu dəvət, təbii ki, önəmli bir dəvət kimi nəzərdən keçirilməlidir. Çünki Azərbaycan-Suriya münasibətləri indi yeni bir dövrə qədəm qoyur. Nəzərə alsaq ki, Suriya hazırda Türkiyənin və Azərbaycanın marağında olan Yaxın Şərqə aid, bizə ən yaxın coğrafiya, açılan qapı kimi nəzərdən keçirilir, hesab edirəm ki, bu çox önəmli bir inkişafdır, hazırkı dönəmin önəmli inkişafıdır. Çünki Azərbaycan-Suriya münasibətləri həmişə əhəmiyyətli olub, xüsusilə də Yaxın Şərqdə gedən proseslər baxımından Suriyanın önəmi artmaqdadır.
Bildiyiniz kimi, Suriya üzərindən böyük nəqliyyat-kommunikasiya xətlərinin keçməsi nəzərdə tutulur, xüsusilə də bunu nəzərə alsaq, Türkiyənin yeni Hicaz dəmir yolu xətti hazırda gündəmdədir. Çünki Yaxın Şərqdə baş verən müharibələr səbəbindən Səudiyyə Ərəbistanından və körfəz ölkələrindən başlayan enerji-kommunikasiya xətləri İordaniya üzərindən, oradan Suriyaya, Suriyadan isə Türkiyəyə çıxmaqla Avropaya nəql olunur. Bu da Yaxın Şərqdə gedən geosiyasi mübarizə kontekstində Suriyanın nə qədər önəmli açar ölkə olduğunu göstərir".

Müsahibimiz bildirdi ki, Azərbaycanın Türkiyə ilə yaxın münasibətləri olduğuna görə bizim də Suriya ilə münasibətlərimizə burada nəzər salmaq lazımdır.
"Suriya və Azərbaycan arasında artıq liderlər səviyyəsində görüş keçirilib, Azərbaycan Suriyaya humanitar yardım göstərib, Suriyanın enerji təhlükəsizliyinə ciddi dəstək verib. Eyni zamanda Suriyadan keçəcək yeni nəqliyyat-kommunikasiya xətləri, yeni Hicaz dəmir yolu Türkiyəyə çıxış əldə edir ki, bu da avtomatik olaraq Azərbaycan-Türkiyə Orta Dəhlizi, Zəngəzur dəhlizi ilə birləşərək daha güclü bir layihəyə çevrilir. Yəni Türkiyə və Suriyanın, İordaniya və Yaxın Şərq ölkələri ilə bir yerdə razılaşdırdığı bu yeni Hicaz dəmir yolu xətti həyata keçərsə, avtomatik olaraq Suriyanın Azərbaycanla əməkdaşlığı üçün yeni bir platformanın, yeni bir elementin ortaya çıxdığı görünür. Bir də nəzərə alaq ki, Suriya Şərqi Aralıq dənizi hövzəsinə çıxışı olan çox önəmli bir ölkədir. Necə ki, Azərbaycan Xəzər dənizinə, Böyük Avrasiya hövzəsinə, Böyük Qafqaz bölgəsinə təsir göstərən əsas ölkələrdən biridir, yəni bu regionun əsas açar ölkəsidir, Suriya da hesab edirəm ki, xüsusilə qeyri-stabil Yaxın Şərq və İsrailin aqressiv, ekspansionist siyasəti kontekstində Yaxın Şərqdə, xüsusilə Şərqi Aralıq dənizi hövzəsində gücləndirilməlidir ki, Türkiyənin də dəstəyi ilə orada işğalçı və ekspansionist siyasətə son qoyulsun.
Bilirsiniz ki, Suriya eyni zamanda Livan kimi İsrail tərəfindən işğala məruz qalıb. Suriyanın məşhur Qolan yüksəklikləri və Suriyanın cənubundakı bəzi torpaqlar və ərazilər ələ keçirilib. Orada separatçı druzlar İsrailin dəstəyi ilə Suriyanın ərazi bütövlüyünü pozmağa cəhd göstərir. Yəni hansı istiqamətdən baxsaq, Suriya bizim üçün önəmlidir, Suriyanın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyi önəmlidir ki, Azərbaycan və Türkiyənin Şərqi Aralıq dənizi və Aralıq dənizi hövzəsində güclü müttəfiqi olsun və biz bu müttəfiqliyi həm də nəqliyyat-kommunikasiya xətləri, əməkdaşlıq əlaqələri və təhlükəsizlik-siyasi əlaqələrlə birləşdirərək gücləndirək", - deyə millət vəkili yekunlaşdırdı.
NURİYYƏ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.