AZ

Layihə rəhbəri: Dövlət Proqramı üzrə müsahibə mərhələsində minimum keçid balı 40-dır

Bakı, 17 aprel, AZƏRTAC

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na sənəd qəbulundan uğurla keçən namizədlər növbəti mərhələ kimi müsahibəyə dəvət olunurlar. Müsahibə prosesi üç əsas istiqamət (ixtisas üzrə biliklər, məntiqi mühakimə qabiliyyəti və namizədin vətənpərvərliklə bağlı baxışları) üzrə qiymətləndirməni əhatə edir.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov proqramın təqdim etdiyi imkanlara həsr olunmuş tədbirdə bildirib. Onun sözlərinə görə, müsahibə mərhələsində minimum keçid balı 40 olaraq müəyyənləşdirilib: “Eyni bal toplayan namizədlər arasında seçim aparılarkən onların digər akademik göstəriciləri də nəzərə alınır və daha yüksək nəticə göstərən namizəd proqram iştirakçısı seçilir”.

Qeyd edək ki, aprelin 15-dən etibarən Dövlət Proqramı çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir. Namizədlər sənədlərini iyunun 5-dək təqdim edə bilərlər və qəbul prosesi elektron qaydada həyata keçirilir.

Müxbir - Aysel Azadqızı
Fotoqraf - Orxan Kərimov
Seçilən
15
azertag.az

1Mənbələr