DOST TV-nin "Ekspert rəyi" verlişinin son buraxılışında sahibkarlıq fəaliyyəti imkanları və maliyyə savadlılığı haqqında danışılıb.
QHT.az xəbər verir ki, Milli Məclisin Deputatı Vüqar Bayramov verlişdə qonaq olub və çıxışı zamanı sahibkarlıq vərdişlərinin formalaşması və maliyyə savadlılığının əhəmiyyəti haqda danışıb.
"Maliyyə savadlığı, təbii ki, yalnız sahibkarları və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların savadlılığı demək deyil. Maliyyə savadlığı, eyni zamanda, bütün vətəndaşların maliyyə biliklərini əhatə edir. Çünki vətəndaşların maliyyə savadlılığı da çox önəmlidir. Maliyyə savadlılığı yüksək olan ölkələrdə plastik kartlardan sui-istifadə hallarının nisbətən az olduğu müşahidə edilir. Bu da onu göstərir ki, maliyyə savadlılığı plastik kartlarla bağlı sui-istifadə hallarının qarşısını alan mühüm amillərdən biridir.
Bildiyiniz kimi, son dövrlər plastik kartlardan istifadə halları bizdə də xeyli genişlənib. Eyni zamanda, qiymətli kağızlar bazarında da əhalinin daha aktiv olması maliyyə savadlılığı ilə birbaşa bağlıdır. Vətəndaşlar maliyyə savadlı olduqda öz vəsaitlərini yalnız depozitlərdə və ya nağd şəkildə deyil, həm də qiymətli kağızlar bazarına və digər investisiya alətlərinə yönəldirlər.
Bu isə həm valyuta bazarında tarazlığın qorunması baxımından, həm də digər sektorlarda qiymətlərin formalaşması baxımından vacib rol oynayır. Çünki qiymətli kağızlar və investisiya bazarları inkişaf etmədikdə və vətəndaşlar vəsaitlərini bu istiqamətlərə yönəltmədikdə, nəticədə əmlak bazarına yönələn vəsait artır və orada qiymətlərin yüksəlməsi müşahidə olunur. Eyni zamanda, qızıl kimi strateji məhsulların qiymətində də artım tendensiyası görünür.
Bu vəziyyətdə vətəndaşlar daha çox vəsaitlərini əmlak bazarına yönəltməyə çalışırlar. Bir tərəfdən öz kapitalını qorumaq, digər tərəfdən isə əmlak alıb müəyyən müddətdən sonra daha yüksək qiymətə satmaq məqsədi güdülür. Bu da ümumilikdə əmlak aktivliyini artırır və bazarda qiymətlərin formalaşmasına təsir edir.
Nəticə etibarilə, qiymətli kağızlar və investisiya bazarlarının inkişafı bir sıra sektorlarda tələbə təsir göstərir və qiymətlərin daha optimal formalaşmasına şərait yaradır. Tələbə təsir etdikcə bazarda izafi tələbi azaldır və balansın qorunmasına kömək edir.
Məsələn, ABŞ-da nadir hallarda bir vətəndaşın bir neçə evə sahib olması müşahidə olunur. Çünki bir neçə evə sahib olmaq və onların kommunal xərclərini ödəmək çox vaxt iqtisadi baxımdan səmərəli hesab edilmir. Əksinə, vətəndaşlar daha çox vəsaitlərini gəlir gətirən qiymətli kağızlara və digər investisiya alətlərinə yönəltməyə üstünlük verirlər.
Təbii ki, maliyyə savadlılığı olduqca vacibdir ki, vətəndaşlar öz vəsaitlərini düzgün istiqamətə yönəldə bilsinlər və düzgün investisiya qərarları qəbul etsinlər. Eyni zamanda, sahibkarlar üçün də maliyyə savadlılığı və iqtisadi biliklər xüsusi əhəmiyyət daşıyır. Çünki onlar rəqabət aparmalı, qanunvericiliklə yaxından tanış olmalı və bazar mexanizmlərini yaxşı anlamalıdırlar.
Rəqabət məcəlləsi, investisiya fəaliyyəti haqqında qanun və digər normativ hüquqi aktlar barədə məlumatlı olmaq sahibkarlar üçün vacibdir. Çünki bu biliklər onların qərarlarına və biznes davranışlarına birbaşa təsir göstərir. Hətta orta məktəb şagirdləri arasında belə iqtisadi və maliyyə savadlılığının artırılması gələcək üçün mühüm əhəmiyyət daşıyır".