AZ

Kreml rəsmisi Zəngilanda nəyi müşahidə edib? Zəngəzur dəhlizi ilə bağlı mühüm detal

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Aprelin 16-da Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib.

Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri, baş nazirinin müavini Şahin Mustafayev və Rusiya tərəfindən sədri, Federasiyanın baş nazirinin müavini Aleksey Overçukun rəhbərliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Overçukun Zəngilana səfəri və orada Şahin Mustafayevlə görüşü iki ölkə arasındakı münasibətlərdə bir müddətdir davam edən soyuqluğun aradan qalxması üçün vacibdir:

“2024-cü ilin dekabrından bu günə qədər AZAL-ın təyyarəsinin vurulması ilə yaranan gərginliyə nəhayət son qoyulmaq üzrədir. Rusiya tərəfinin artıq müvafiq addımlar atması müsbət haldır.

Overçuk və Mustafayev 2021-ci ilin yanvarından etibarən regionda kommunikasiyaların açılması üzrə həmsədrlərdir. Zəngilanın bu mənada görüş yeri olaraq seçilməsi simvolik məna daşıyır. Zəngilan ərazisi Zəngəzurla sərhəddə yerləşir. Buradan Zəngəzur dəhlizinin əsas arteriyası keçir. Overçukun səfərində həm bu ərazidən keçəcək kommunikasiya xətləri, həm də Ağbənddə inşa edilmiş körpü diqqət mərkəzindədir. Bu baxımdan Zəngilan rayonu hub rolunu oynayır.

Oqtay Qasımov

Ermənistan üzərindən keçəcək kommunikasiya xətləri, eyni zamanda İran ərazilərindən keçəcək Araz dəhlizi kommunikasiya xətti məhz Zəngilandan başlayacaq. Bu səbəbdən görüşün orada keçirilməsi təsadüfi deyil.

Rusiya özü də Şimal-Cənub nəqliyyat dəhlizinin açılmasında maraqlıdır. Zəngəzur dəhlizi bu baxımdan Rusiya üçün önəmlidir. Yüklər bu coğrafiya üzərindən İran körfəzinə daşına bilər. Rusiya tərəfi buna görə görülən işlərlə yerində tanış olmaq qərarına gəlib”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr