ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Putin komandasını dəyişməkdən qorxur, amma…”
“2026-cı ilin ilk aylarında Rusiyada iqtisadi tənəzzül hökumət və Mərkəzi Bankın proqnozlaşdırdığından daha kəskindir: azalma ardıcıl ikinci aydır ki, davam edir”.
“AzPolitika” xəbər verir ki, Prezident Vladimir Putin bu barədə aprelin 15-də iqtisadi məsələlərə dair keçirilən müşavirədə bildirib. O, hökumət və Mərkəzi Bankdan makroiqtisadi göstəricilərin pisləşməsi ilə bağlı izahat tələb edib. Bundan əvvəl Rusiya Prezidenti iqtisadçıların və obyektiv məlumatların əksini deməsinə baxmayaraq, iqtisadiyyatdakı vəziyyətin sabit olduğunu dəfələrlə bəyan etmişdi.
"Sberbank"ın baş icraçı direktoru Mixail Matovnikov hesab edir ki, iqtisadiyyat "sadəcə yavaşlamır, artıq tənəzzülə uğrayır".
2026-cı ilin birinci rübündə federal büdcə kəsiri 4,58 trilyon rubla çataraq illik limiti təxminən 20% ötüb.

"Financial Times" yazır ki, vergilərin artırılması və hərbi xərclər Rusiyada kiçik biznesi qapanmağa doğru itələyir. Rusiya Mərkəzi Bankının hesabatına görə, Rusiya biznesinin investisiya fəallığı pandemiya dövründən bəri ən aşağı səviyyəyə düşüb. Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin mart icmalında qeyd olunur ki, 2027-ci ilə qədər Rusiya iqtisadiyyatının resessiyaya (iqtisadi geriləməyə) keçmə ehtimalı yüksəkdir. Rusiyada nə mənzil-kommunal təsərrüfatının saxlanılmasına, nə də yolların təmirinə kifayət qədər vəsait yoxdur.
"Novaya Qazeta Avropa"nın məlumatına görə, Rusiyanın 74 subyektində büdcə "deşikləri" böyüyüb və bu, hakimiyyəti xərcləri ixtisar etməyə məcbur edir.

Putinlə müşavirədən bir gün sonra Rusiya Bankının rəhbəri Elvira Nabiullina etiraf edib ki, Rusiya iqtisadiyyatı müasir tarixdə ilk dəfə işçi qüvvəsi çatışmazlığı ilə üzləşib. Mərkəzi Bank bu problemləri yalnız indi görsə də, miqrant axını artıq çoxdan davam edir; biznes isə müharibə və relokasiya (ölkədən köçmə) səbəbindən mülki sektorda işçilərin, xüsusilə də kişilərin çatışmazlığı barədə həyəcan təbili çalır.
İnflyasiyaya gəlincə, Rusiya Bankı 2026-cı ildə beş illik yüksək inflyasiya dövrünə son qoymaq niyyətindədir. Hökumətdə rublun neft qiymətlərindən asılı olaraq dalğalanmasının qarşısını almaq üçün büdcə qaydası üzrə valyuta əməliyyatlarının iyul ayından daha tez bərpa edilməsi imkanına baxmaq qərara alınıb.
Siyasətçi Andrey Pivovarov Kremldəki əhval-ruhiyyənin kəskin dəyişməsiini ölkədə mövcud vəziyyəti gizlətməyin kifayət qədər çətin olması ilə əlaqələndirir: “Birinci rübdə il ərzində göstərilməli olan rəqəmlər üzə çıxır. Putin mövzudan xəbərdar olduğunu nümayiş etdirməlidir. Problemlər tənqidçilər tərəfindən qaldırılmamışdan əvvəl, o, gündəmi ələ keçirməyə və vəziyyəti nəzarətdə saxladığını göstərməyə çalışır. Üstəlik, o, günahkarlar təyin edir, bütün bunların iqtisadi blokun günahı olduğunu deyir; çünki bütün problemləri məmurların üzərinə yıxmaq rahatdır, həm də iqtisadi blok xalq arasında populyar deyil”.
Pivovarov vurğulayır ki, əsas məsələ uzun müddətdir yığılıb qalan problemlərdir: “Putin gündəmdə olduğunu göstərir. Bundan əlavə, qarşıda payız seçkiləri var ki, həmin vaxt vəziyyətin pisləşəcəyi aydındır və bəlkə də cəbhədə əldə edilə bilməyən bəzi lokal qələbələr tələb olunacaq. O, öz nəzarətində saxlayacağı bəzi korrupsiya qalmaqallarını nümayiş etdirə bilər. Bu həm də iqtisadi blokda bəzi yerdəyişmələr aparmaq, günahın Putində və ya onun apardığı müharibədə deyil, seçkiqabağı işdən kənarlaşdırıla biləcək bacarıqsız insanlarda olduğunu göstərmək üçün yaxşı bəhanədir. Lakin əsas məsələ uzun müddətdir toplanan problemlərdir. Sosial şəbəkələr insanların yeni vergilərdən, bəzi yeni tələblərdən narazı olduğu videolarla doludur. İndi Putin üçün hər şeyin nəzarət altında olduğunu, dövlətin sahibi olduğunu göstərmək vacibdir”.

İqtisadçı İqor Lipsits də hesab edir ki, büdcə ilə bağlı vəziyyət kifayət qədər xoşagəlməzdir. O, vurğulayır ki, ilin ilk üç ayında, neft qiymətlərinin artımı başlamazdan əvvəl büdcə kəsiri kəskin artdı və planlaşdırılan həddi keçdi: “Maliyyə Nazirliyi bütün bunları xərclərin qabaqcadan ödənilməsi (avans) ilə izah edəcəyinə söz vermişdi, lakin keçən il də avanslar verilmişdi, buna baxmayaraq bu il kəsir keçən ildəkindən əhəmiyyətli dərəcədə çox oldu. Vəziyyət pisləşib, halbuki keçən illə müqayisədə hərbi istehsalda hər hansı nəhəng artım baş verməyib. Belə kəsir haradandır? Bu, ağrılı mövzudur, çünki büdcədə pul yoxdursa, iqtisadiyyatı "kəsmək" lazımdır. Fevralın sonunda hökumət büdcə sekvestrinə (xərclərin məcburi ixtisarı) hazırlaşmaq, yəni bütün sahələr və nazirliklər üzrə maliyyələşməni 10% azaltmaq barədə qərar qəbul etdi. İndi ümid edirlər ki, neftdən əlavə gəlirlər gələcək. Lakin mənzərə həyəcanlı idi, çünki bağlanması mümkün olmayan bir "deşik" yarandı. Bu, hökumət üçün ən təhlükəli mövzudur. Onların bütün fəaliyyəti iqtisadiyyatda pulların yenidən bölüşdürülməsindən ibarətdir. Onlar Rusiya əhalisindən və biznesindən topladıqları pulları paylayırlar, bu onların əsas işidir. Təbii ki, ÜDM-in düşməsi də problemdir, lakin dövlət üçün Rusiyada pulun az olması daha kritikdir. Maliyyə naziri Siluanov birja forumunda bildirdi ki, büdcə neftin bir barreli üçün 59 dollarlıq qiymətlə yaşaya bilər. Maliyyə Nazirliyi ümid edir ki, hətta "Urals" markalı neftin endirimi (diskontu) ilə belə, qiymət bundan aşağı düşməyəcək. Amma qiymətlər qalxdı, lakin "Urals"ın "Brent"ə nisbətən diskontu azalmadı. 30 dollar idi, elə də qaldı. Əlbəttə, "Brent"in qiyməti qalxdı, "Urals"ın da qiyməti qalxdı, amma diskont düşmədi. Yəni heç kim Rusiya neftini daha cəlbedici və ya daha az riskli hesab etməyə başlamadı, ona görə də diskont qaldı. İndi əgər "Brent" neftinin qiyməti düşərsə, hansı ki, münaqişənin kəskin fazası bitsə, bu tamamilə mümkündür, Rusiya neftinin qiyməti çökəcək və ilin ilk aylarında olduğu kimi büdcənin qazanmaq imkanı olmayacaq. Görünür, bu ilk üç ay Rusiya hökumətini və prezidentini qorxudub. Ona görə də o, bir ayda ikinci dəfə rəhbərliyi toplayıb qışqırır: "Bu nə rüsvayçılıqdır? Niyə əmr etdiyim yüksək templər yoxdur? İqtisadiyyat, irəli addımla!". Amma iqtisadiyyat irəli addımlaya bilmir. Bunun üçün onun nə gücü, nə imkanları, nə də satış bazarları var. O, hansı qərarları qəbul edirsə etsin, hökumət heç nə edə bilməz”.
“Nabiullina işçi qüvvəsi çatışmazlığından şikayətlənir. Putin isə işsizliyin aşağı - 2% olduğunu vurğulayır. Bu ikisi bir-biri ilə necə uzlaşır?”
İqtisadçı bu suala cavabında vurğulayıb ki, Putinin bəzi bəhanələrə ehtiyacı var: “Rusiya patriotik elitasının sevimli düşməni Mərkəzi Bankın sədridir. Kreml təbliğatçılarının nə yazıb-dediklərinə baxsanız, orada belə bir hekayə var: guya prezident iqtisadiyyatı inkişaf etdirmək üçün yaxşı plan qurub, amma Mərkəzi Bank, Nabiullina və tərəfdarları bütün iqtisadiyyatı məhv ediblər. Bu, hətta Vətənə xəyanət ittihamı ilə cinayət işinə qədər gedib çıxa bilər. Hər şey ola bilər, necə ki, 1930-cu illərdə "Sənaye Partiyası" prosesi olmuşdu. Ona görə də o, özünə bəraət qazandırır və sübut etməyə çalışır ki, günah 100% Mərkəzi Bankda deyil, həm də insan çatışmır. Bu, çox mürəkkəb mövzudur: insan çatır, yoxsa çatmır. Rəsmi statistika deyir: 2,1% işsizlik var. Lakin bunlar saxta rəqəmlərdir, çünki çətinliyə düşən Rusiya müəssisələri insanları işdən çıxarmır, sadəcə onlara maaş verməyi dayandırır. İnsanlar qəribə vəziyyətdə qalırlar: əmək kitabçan kadrlar şöbəsindədir, amma maaş almırsan. Məsələ işçi qüvvəsinin çatışmaması deyil, insanların Rusiyaya pul yatırmaq istəməməsidir. Yəni sən işləyənsən, yoxsa işləməyən? Rusiyada bu geniş yayılmış təcrübədir. İnsan resursları ilə bağlı mənzərə "Rosstat"ın təqdim etdiyi kimi deyil. İşəgötürmə agentlikləri deyir: hazırda bir boş vakansiyaya hətta aşağı maaşla belə işləməyə hazır olan 11 və daha çox müraciət daxil olur. IT mütəxəssisləri bazarında bir yerə çox aşağı maaşla 22 nəfərin iddialı olduğu hallara rast gəlinir. Rusiyada gizli işsizlik var; rəsmi rəqəmlərə baxıb Rusiyada kəskin işçi qüvvəsi qıtlığı olduğunu demək olmaz, bu yalandır. Rusiyada kəskin ixtisaslı işçi qüvvəsi qıtlığı var. İnsanlar yetişdirilmir, insanlar ölkəni tərk edir və müharibəyə gedirlər; ixtisaslı işçi tapmaq çətindir. Beləliklə, məsələ işçi qüvvəsinin çatışmaması deyil, insanların Rusiyaya pul yatırmaq istəməməsidir. Rusiya biznesi bunun heç bir mənası olmadığını anlayaraq Rusiyaya sərmayə qoymaq istəmir və pullar ölkədən çıxarılır”.
Lipsist qeyd edir ki. Prezident Putinin iqtisadiyyatdan çox az başı çıxır, lakin bilir ki, yüksək işsizlik və yüksək inflyasiya pisdir. Bunu öz seçicilərinə də ötürür, hansı ki, onlar da iqtisadi cəhətdən çox savadlı deyillər və 2,1 rəqəminə sevinirlər. Halbuki istənilən iqtisadçı deyər ki, 2,1faiz - bu bir fəlakətdir.
Ekspert vurğöuıayır ki, işsizliyin 4-5% olması daha yaxşı haldır: “İşsizlik belə aşağı olanda siz iqtisadiyyatı inkişaf etdirə bilməzsiniz. Putin iqtisadiyyatı sürətləndirməyi, inkişaf etdirməyi tələb edir, Nabiullina isə düz deyir: yeni müəssisə qurmaq, həmin müəssisəyə işçi tapmaq mümkün deyilsə, hansı iqtisadi artımdan söhbət gedə bilər? Aşağı işsizlik iqtisadi artımı tormozlayır: mən müəssisə açıb işçi toplaya bilmirəm, çünki hamı artıq haradasa işləyir. Amma 4-5% olanda bəzi insanlar boşda olur və onları müəssisəyə gətirmək mümkündür. Biz hesab edirik ki, Rusiya üçün normal işsizlik səviyyəsi təxminən 5%-dir, 2% isə fəlakətdir”.
“Kreml nə edə bilər, Vladimir Putin bundan sonra hansı addımları atacaq? O artıq iqtisadi bloka hücum edir. Onu dəyişəcəkmi?”

İqtisadçı bu suala cavabında deyib ki, Putin öz personalını dəyişməkdən qorxur: adamları başqaları ilə əvəz etsən, daha pis ola bilər: “Mənim üçün belə vəziyyətləri anlamaqda həmişə Stalinin maliyyə komissarı Arseni Zverevin hekayəsi bir əsas olub. Ətrafdakı komissarları dəstə-dəstə həbs edirdilər, o isə yerində otururdu. Bəlkə Stalin onu heç çox da sevmirdi, amma onu dəyişməkdən qorxurdu, çünki Zverevin vaxtında maliyyə sistemi, pul dövriyyəsi birtəhər işləyirdi; başqa biri gəlsə hər şeyi dağıdar, yaxşısı budur risk etməyək. Putin Siluanovu, Nabiullinanı və digər xadimləri kiminlə əvəz edə bilər? Onun ehtiyatda belə bir ekspert komandası yoxdur”.
Lipsist sonda vurğulayır: “Böhran dərinləşdikcə Putin başa düşür ki, iqtisadiyyat dağılır və tezliklə xalq soruşacaq: "Cənab prezident, bizim normal iqtisadiyyatımız haradadır? Niyə hər şey dağılır? Siz hara baxırdınız?". Və o, günahı hökumətin üzərinə yıxmağa başlayır. Artıq bir ayda ikinci dəfədir Rusiya iqtisadiyyatını təcili sürətləndirmək, investisiya artımını yeyinləşdirmək barədə tapşırıq verilir. Bütün bunlar işləmir, çünki işləyə bilməz. Rusiyadan investisiya axını necə vardısa, elə də davam edir - hər il on milyardlarla dollar çıxıb gedir, çünki hamı Rusiyanın can üstündə olan iqtisadiyyatını görür. Nabiullina nəyə eyham vurur? Ona eyham vurur ki, əgər prokurorluq sahibkarın şirkətlərini əllərindən alırsa, kim öz pulunu iqtisadiyyata yatıracaq? Bax, Nabiullina buna işarə edirdi ki, gəlin təkcə uçot dərəcəsinə baxmayaq2.
İqor Lipsits iqtisadi perspektivlərlə bağlı məyusdur: “Müəssisələr böyüməyəcək. Yeni işçi qüvvəsi onlara lazım deyil, onlar insanları işdən çıxaracaqlar. Vəziyyəti hətta müharibənin dayandırılması belə dəyişməyəcək, çünki Rusiya çətin ki bir daha geri dönə biləcəyi xarici bazarları itirib. Amerikalılar Avropanın neft və qaz bazarını çətin ki ona qaytarsınlar. Kiçik biznes, həmçinin internet səbəbindən ölür: müştəri gətirmək qeyri-mümkündür. Kiçik biznes bu kanallar hesabına yaşayırdı, indi isə onları bu imkanlardan məhrum ediblər, internet bloklanır və insanlar təkcə vergilərə görə ağlamırlar. Çox güman ki, ilin sonuna qədər Rusiya kiçik və orta biznesindən cəmi 40%-nin qaldığını görəcəyik”.
Rasim Əliyev
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.