AZ

Rusiya Azərbaycanın əsas ticarət dövriyyəsi 4,9 milyard dollar olub

BAKI, 17 aprel. TELEQRAF

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və xarici ticarət dövriyyəsində mühüm yer tutur. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 4,9 milyard ABŞ dollarını ötərək sabit artım nümayiş etdirib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında çıxışı zamanı Baş nazirin müavini Şahin Mustafayev deyib.

O bildirib ki, Rusiya bazarı Azərbaycan qeyri-neft ixracı üçün əsas istiqamətlərdən biridir:

“2025-ci ildə Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 837 milyon dolları ötüb, meyvə-tərəvəz ixracı isə təxminən 31% artıb. Eyni zamanda, Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalı 832 milyon dolları keçib. Azərbaycan şirkətləri Rusiyada keçirilən iri sərgilərdə fəal iştirak edir və bu da məhsullarımızın yüksək ixrac potensialını göstərir.

İnvestisiya əməkdaşlığı xüsusi yer tutur. 2026-cı il 1 aprel tarixinə Azərbaycanda Rusiya kapitalı ilə 2100-dən çox kommersiya qurumu qeydiyyatdan keçib, onların 1400-dən çoxu aktiv fəaliyyət göstərir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, farmasevtika və xidmət sahələrini əhatə edir”.

Ş.Mustafayev əlavə edib ki, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 10,7 milyard dollar təşkil edir, bunun 2,9 milyard dolları neft-qaz sektoruna yönəldilib:

“Sənaye sahəsində əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. Azərbaycanda Rusiya istehsalçıları ilə birgə layihələr həyata keçirilir, müxtəlif növ avtomobil texnikasının – avtobusların, yük və minik avtomobillərinin istehsalı təşkil olunub.

Bugünkü tədbir çərçivəsində Sumqayıt Sənaye Parkında yüksək texnologiyalı istehsalın yaradılmasını nəzərdə tutan niyyət sazişinin imzalanması da sənaye əməkdaşlığının inkişafında mühüm addım olacaq”.

Seçilən
2
2
teleqraf.com

4Mənbələr