AZ

Macarıstan XİN rəhbəri sənədlərin məhv edilməsi iddialarını rədd edib

Budapeşt, 16 aprel, AZƏRTAC

Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkədə keçirilən son seçkilərdən sonra yaranan qalmaqallı iddialara münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, o, Xarici İşlər Nazirliyində (XİN) sənədlərin məhv edilməsi ilə bağlı yayılan xəbərləri qəti şəkildə təkzib edib.

Nazir bildirib ki, seçki gecəsi hakim Fides partiyasının qərargahına gec gəlməsi qəsdən olmayıb və həmin vaxt ailəsi ilə olub.

Onun sözlərinə görə, bu məsələ ətrafında yayılan fərziyyələr əsassızdır.

Bundan əvvəl mediada Xarici İşlər Nazirliyində “təmizləmə” aparıldığı, o cümlədən sanksiyalarla bağlı sənədlərin məhv edildiyi iddia olunmuşdu. XİN rəhbəri isə bu məlumatları inkar edərək belə proseslərin getmədiyini vurğulayıb.

Nazir əlavə edib ki, hökumətin xarici siyasəti daxili siyasi proseslərə müəyyən təsir göstərə bilər, lakin Macarıstanın Rusiyaya həddindən artıq yaxınlaşdığı fikri ilə razılaşmır.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Seçilən
14
2
azertag.az

3Mənbələr