AZ

Yeni tərcümə texnologiyası təqdim edilib  

“DeepL” şirkəti mətnlərin onlayn tərcüməsi üzrə əldə etdiyi uğurlardan sonra səsdən-səsə real vaxt rejimində tərcümə funksiyasını istifadəyə verib. Yeni texnologiya həm fərdi mobil istifadəçilər, həm də işgüzar görüşlər üçün nəzərdə tutulub. Şirkət, həmçinin xüsusi API interfeysi vasitəsilə tərtibatçılara bu sistemi öz proqramlarına inteqrasiya etmək şansı tanıyır.

“DeepL”in rəhbəri Yarek Kutilovski qeyd edib ki, şirkətin səsli tərcümə sahəsinə addım atması məntiqi bir inkişaf mərhələsidir. O, bazarda canlı ünsiyyəti yüksək keyfiyyətlə tərcümə edən vasitələrin azlığını vurğulayaraq, bu yeni məhsulun həmin ehtiyacı qarşılayacağını bildirib. Hazırda əsas hədəf tərcümə zamanı yaranan ləngimələri aradan qaldırmaq və dəqiqliyi ən yüksək səviyyədə saxlamaqdır.

Artıq “Zoom” və “Microsoft Teams” kimi populyar platformalarda DeepL-in yeni həllərindən istifadə etmək mümkündür. İstifadəçilər bu tətbiqlər vasitəsilə həm səsi dərhal tərcümə edilmiş variantda dinləyə, həm də ekranın aşağı hissəsində mətni izləyə bilərlər. Hazırda sistem test mərhələsindədir və korporativ müştərilər üçün növbəli qeydiyyat əsasında əlçatandır.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
30
azerbaijan-news.az

1Mənbələr