AZ

Yaponiya Asiya ölkələrinə neft böhranı üçün 10 milyard dollar yardım ayırır

Yaponiya Asiyada enerji böhranının təsirlərini azaltmaq məqsədilə region ölkələrinə 10 milyard dollar maliyyə dəstəyi ayıracağını açıqlayıb. Bu yardım əsasən Cənub-Şərqi Asiya ölkələrinin xam neft və digər enerji resurslarını təmin etməsinə yönələcək.

“BBC” xəbər verir ki, qərar İran müharibəsi səbəbindən yaranan neft təchizatı problemləri fonunda qəbul olunub. 

Yaponiya Baş naziri Sanae Takaiçi bu barədə Asiya liderləri ilə keçirilən onlayn görüşdən sonra məlumat verib. Yeni əməkdaşlıq çərçivəsi neft və neft məhsullarının alınması, təchizat zəncirinin qorunması və ehtiyatların artırılmasını nəzərdə tutur. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, ayrılan vəsait ASEAN ölkələrinin bir illik xam neft idxalına bərabərdir. Maliyyələşmə Yaponiya Bankı, Beynəlxalq Əməkdaşlıq Agentliyi və Asiya İnkişaf Bankı kimi qurumlar vasitəsilə həyata keçiriləcək. Rəsmilər bildiriblər ki, bu yardım Yaponiyanın daxili neft ehtiyatlarına mənfi təsir göstərməyəcək. Hazırda ölkənin neft ehtiyatları 254 günlük daxili tələbatı qarşılamaq gücündədir.

Böhran səbəbindən Cənub-Şərqi Asiyada da narahatlıq artıb. Bir sıra ölkələr enerji istifadəsini azaltmaq üçün əhaliyə qənaət çağırışı edib, Filippin isə milli enerji fövqəladə vəziyyəti elan edib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr