ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb və ilk dəfə olaraq ABŞ-dən İrlandiyaya gələnlərin sayı, İrlandiyadan ABŞ-ə köçənlərdən çox olub. Bu, uzun illər davam edən ənənənin, yəni irlandların daha çox Amerikaya köçməsinin əksinə bir vəziyyətdir.
“BBC” xəbər verir ki, 2024-2025-ci illər arasında ABŞ vətəndaşlarının İrlandiyaya köçü təxminən 4900-dən 9600-ə yüksəlib. Eyni zamanda, daha çox amerikalı xaricdə yaşamağı seçir və bunun səbəbləri arasında siyasi vəziyyət, həyat xərcləri və təhlükəsizlik (xüsusilə silahlı zorakılıq) göstərilir. İrlandiya isə son illərdə daha açıq və liberal bir cəmiyyətə çevrilib, iqtisadi cəhətdən də inkişaf edib. Buna görə bəzi amerikalılar İrlandiyanı daha stabil və təhlükəsiz ölkə kimi görürlər. Digər tərəfdən, İrlandiyadan ABŞ-ə köçənlərin sayı azalıb. Gənclərin ABŞ-ə iş və təhsil üçün getməsi də əvvəlki illərlə müqayisədə zəifləyib.
Mütəxəssislər bu dəyişimi “tarixi dönüş nöqtəsi” kimi qiymətləndirirlər, amma bunun davamlı olub-olmayacağı hələ dəqiq deyil.
Təhminə VERDİYEVA,
“Azərbaycan”